EN

Azərbaycanda mənzili olanlar üçün VACİB XƏBƏR

Bakıda və ölkənin digər bölgələrində baş verən yanğınlar, su basmalar və təbii fəlakətlər nəticəsində ev və mənzillərə dəyən ziyan hər il onlarla ailəni çətin vəziyyətə salır.

BAKU.WS-in məlumatına görə, bu kimi hallarda vətəndaşların ən çox qarşılaşdığı problem zərərin ödənilməsi və yaşayış şəraitinin bərpası ilə bağlı olur.

Məhz belə vəziyyətlərdə daşınmaz əmlakın icbari sığortası insanların maliyyə yükünü azaltmaq üçün nəzərdə tutulub. Daşınmaz əmlakın icbari sığortası üçün zəruri sənədlər və rüsumlar tələb olunur.

Tələb olunan sənədlər:

Şəxsiyyət vəsiqəsi;

Əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd.

Xidmətin bir illik haqqı isə yaşayış məntəqəsindən asılı olaraq dəyişir:

Bakı şəhərində – 50 manat (25 min manatlıq sığorta təminatı ilə);

Gəncə, Sumqayıt və Naxçıvanda – 40 manat (20 min manatlıq təminatla);

Digər yaşayış məntəqələrində – 30 manat (15 min manatlıq təminatla).

Sığorta hadisəsi hesab edilən hallara yanğın, ildırım, qaz partlayışı, elektrik qapanması, boruların partlaması nəticəsində baş verən su basma, təbii fəlakətlər (zəlzələ, tufan, daşqın, sürüşmə və s.), həmçinin üçüncü şəxslərin qanunsuz hərəkətləri daxildir.

Lakin bəzi hallar sığorta hadisəsi sayılmır. Məsələn, əmlak sahibinin qəsdən yaratdığı zərərlər, oğurluq, təmir və emal zamanı dəymiş zərər, qrunt sularının səviyyəsinin dəyişməsi və ya boruların aşınması nəticəsində baş verən itkilər ödənilmir.

İcbari sığortanın üstün cəhətləri:

• Yanğın, su basma və ya təbii fəlakət nəticəsində yaranan maliyyə itkilərinin qarşısını alır.

• Hüquqi və fiziki şəxslər üçün əmlakın qorunması təmin olunur.

• Ödənişlər qısa müddətdə həyata keçirilir, vətəndaşın yükü azalır.

• Həm dövlət, həm də şəxsi mülkiyyətə şamil olunur.

Mənfi cəhətləri:

• Hər hadisə sığorta predmeti sayılmır – oğurluq, təmir zamanı dəymiş ziyan, qrunt sularından yaranan problemlər ödənilmir.

• Sığorta məbləği məhdudiyyətlidir – Bakıda ən çox 25 min manatdır, bu isə bəzi əmlakların real dəyərini tam əhatə etmir.

• Sığorta haqqı ödənmədikdə vətəndaş qanun qarşısında məsuliyyət daşıyır.

Chosen
22
1
far.az

2Sources