European Journal of Nutrition (EJN) jurnalında dərc olunan yeni araşdırmaya görə, qırmızı və işlənmiş ətin qismən paxlalılarla (soya istisna olmaqla) əvəz edilməsi ürək-damar sağlamlığını yaxşılaşdırır.
E-saglam.az xəbər verir ki, Helsinki Universitetinin alimləri 21–61 yaş arası 102 sağlam kişi üzərində apardıqları tədqiqatda iştirakçıları iki qrupa bölüblər. Birinci qrup həftədə 760 qram qırmızı və işlənmiş ət (mal əti, donuz əti, bekon, kolbasa) istehlak edib. İkinci qrup isə cəmi 200 qram ət yeyib, qalan zülalı paxlalılardan alıb.
Nəticələr göstərib ki, paxlalılarla qidalanan qrup daha çox pəhriz lifi, doymamış yağ turşuları və dəmir qəbul edib. Onlarda ümumi və “pis” xolesterin (LDL) səviyyəsi, həmçinin bədən çəkisi və bədən kütləsi indeksi (BMI) orta dərəcədə azalıb. Lakin bu qrupda B12 vitamini və yod qəbulunun bir qədər azaldığı müşahidə olunub.
Mütəxəssislərin qənaətinə görə, ətin qismən paxlalılarla əvəz edilməsi lipid mübadiləsini yaxşılaşdırır, ürək-damar xəstəlikləri və 2-ci tip diabet riskini azaldır. Alimlər vurğulayırlar ki, belə pəhriz dəyişiklikləri infarkt və insultun qarşısının alınmasında effektiv üsullardan biri ola bilər.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az