EN

Qəhrəmanlıq tariximizin şanlı səhifəsi

Qələbəmizi bizə bəxş edən şəhidlərimizin müqəddəs xatirəsi, şücaəti xalqımızın yaddaşında əbədi yaşayacaq

Rəsmi İrəvanın uzun illər həyata keçirdiyi işğalçı və saxtakar siyasət nəticə etibarilə müharibəni qaçılmaz etdi. Qarabağa ermənilərin çar Rusiyası dövründə köçürülməsindən başlayaraq xalqımıza qarşı düşmənçilik siyasəti yürüdülmüş, azərbaycanlılar öz dədə-baba yurdlarında sıxışdırılaraq torpaqlarından qovulmuş, toponimlər dəyişdirilmişdir. XX əsrin əvvəllərində Daşnaksutyun partiyasının ifrat millətçi xətti əsasında baş verən qırğınlar xalqımızın yaddaşında silinməz izlər buraxmış, yüz minlərlə soydaşımız amansızcasına məhv edilmişdir. Sonrakı onilliklərdə də deportasiyalar davam etmiş, Ermənistan monoetnik dövlətə çevrilmiş, “dənizdən dənizə böyük Ermənistan” kimi sərsəm ideyalar regionda sabitliyi pozmuşdur.

Ermınistan xarici havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, kəndlər və şəhərlər dağıdılmış, dinc əhali kütləvi şəkildə qətlə yetirilmişdir. Bu faciələr arasında Xocalı soyqırımı xüsusi qəddarlığı ilə seçilir. Bütün bunlarla yanaşı, beynəlxalq təşkilatların ikili standartlar siyasəti münaqişənin həllini yubadaraq Ermənistanı daha da cəsarətləndirmişdir. ATƏT-in Minsk qrupu uzun illər problemin həllinə deyil, onun dondurulmasına çalışmış, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr isə icra olunmamışdır. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini göstərmiş və münaqişənin sülh yolu ilə həllinə çalışmışdır.

Azərbaycan xalqı heç zaman işğalla barışmadı. Dövlətin və xalqın mövqeyi daim aydın idi: ərazi bütövlüyümüz təmin olunmadan, torpaqlarımız işğaldan azad edilmədən barışıq mümkün deyil. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyul ayında Tovuz istiqamətində baş verən hərbi toqquşmalar bu mövqenin bariz nümunəsi oldu. Azərbaycan Ordusu Lələtəpə yüksəkliyində, eləcə də Tovuzda göstərdiyi qəhrəmanlıqla bütün dünyaya nümayiş etdirdi ki, bu xalq əsla işğalla barışmayacaq. Lakin Ermənistan tərəfi bundan da nəticə çıxarmadı, əksinə, yeni diversiyalara əl atdı, təxribatçı bəyanatlar verərək açıq şəkildə düşmənçilik siyasətini davam etdirdi.

Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəsi kobud şəkildə pozaraq genişmiqyaslı təxribat törətdi. Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələri qəsdən artilleriya atəşinə tutuldu. Bu hücum nəticəsində hərbi qulluqçularımızla yanaşı, dinc əhalidən 11 nəfər, o cümlədən iki uşaq həlak oldu. Xalqın səbir kasasını daşıran bu vəhşilik qarşısında Azərbaycan rəhbərliyi qəti addım atdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ordumuz bütün cəbhə boyu əks-hücuma keçdi. Beləliklə, 44 gün davam edəcək Vətən müharibəsi başlandı.

Azərbaycan Ordusunun qəhrəmanlıqla həyata keçirdiyi əks-hücum nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa kimi mühüm strateji bölgələr azadlığa qovuşdu. Xüsusən də 8 noyabrda Şuşanın azad edilməsi tarixi dönüş nöqtəsi oldu. Mədəniyyət paytaxtımızın düşməndən təmizlənməsi həm hərbi, həm də mənəvi Qələbənin zirvəsi idi.

44 günlük müharibə yalnız döyüş meydanında deyil, siyasi masada da Azərbaycanın qətiyyətli mövqeyi ilə nəticələndi. Hərbi Qələbə diplomatik uğurlarla möhkəmləndi. Ermənistan kapitulyasiyaya məcbur oldu və 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz qaytarılmasına nail olundu. Beləliklə, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, işğal siyasətinə birdəfəlik son qoydu.

Vətən müharibəsi Azərbaycanın şanlı tarixi səhifəsi oldu. 2908 hərbçimiz şəhidlik zirvəsinə ucaldı, minlərlə qazimiz döyüşlərdə ağır yaralar aldı. Onların qəhrəmanlığı, fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu müharibə həm də milli birliyimizin, milli iradəmizin təntənəsi idi.

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarının xatirəsini hər zaman uca tutur. Bu müqəddəs yaddaş dövlət səviyyəsində də qorunur və əbədiləşdirilir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur. Bu gün Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə dərin ehtiramın, minnətdarlığın və sədaqətin rəmzi kimi xalqımızın birliyi və milli həmrəyliyi ilə qeyd edilir. Anım Günü şəhidlərimizin müqəddəs xatirəsini yad etməklə yanaşı, həm də Azərbaycanın dövlətçilik tarixində şərəfli bir dönəmin təcəssümüdür.

Dövlətimiz hər zaman öz əsgərinin, öz qəhrəmanının yanındadır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhidlərin ruhuna daim ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsi, ailələrinin sosial təminatı, eləcə də müharibə qazilərinin müalicəsi və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Bu məqsədlə bütün aidiyyəti dövlət qurumları, müvafiq strukturlar səfərbər olunmuş, genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu yanaşma dövlətin və xalqın ordusuna, onun igid oğullarına verdiyi dəyərin ən bariz ifadəsidir.

Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsi Qələbəsinin əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin sərəncamı ilə yeni orden və medallar təsis olunmuşdur. “Zəfər” və “Qarabağ” ordenləri, “Vətən Müharibəsi Qəhrəmanı” adı, eləcə də işğaldan azad olunmuş rayon və şəhərlərin adını daşıyan xüsusi medallar Azərbaycan əsgərinin igidliyi və şücaətinin təntənəsidir. Bu təltiflər bir tərəfdən müharibə iştirakçılarına göstərilən ali diqqəti, digər tərəfdən isə Qələbənin tarixdə əbədi iz buraxması məqsədini daşıyır.

Azərbaycan xalqının qələbəsinin rəmzi olaraq Bakının 8 Noyabr prospektində Zəfər parkı inşa edilmişdir. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə əsası qoyulan bu park həm şəhidlərin əziz xatirəsini yaşatmaq, həm də xalqımızın birliyini və sarsılmaz iradəsini nümayiş etdirmək məqsədi daşıyır. 10 hektara yaxın ərazini əhatə edən parkın girişində ucaldılmış Zəfər tağı, 44 günlük müharibənin rəmzi olaraq 44 metr hündürlüyü və 44 sütunu ilə xalqımızın əzmini əks etdirir. Burada yaradılan Zəfər muzeyində şəhidlərimizin adları həkk olunacaq, müharibə ilə bağlı eksponatlar sərgilənəcək. Muzey yalnız hərbi tariximizin deyil, həm də milli ruhumuzun gələcək nəsillərə ötürülməsində mühüm rol oynayacaq. Parkın daxilində Qarabağ yaddaş bağçası, tematik guşələr, şəlalələr və Azadlıq Bayrağı Meydanı inşa olunmuş, bununla da Vətən müharibəsi qələbəsinin əzəməti paytaxtımızın simasında əbədiləşdirilmişdir.

Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı isə xüsusi qeyd olunmalıdır. Müharibədə əlil olmuş, əlini və qolunu itirmiş qazilər üçün ən müasir protezlər təmin edilmişdir. Onların həyat şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsi dövlətin daimi diqqət mərkəzindədir. Eyni zamanda, şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli üçün yaradılmış “YAŞAT” Fondu indiyədək 18 mindən çox hərbçinin qayğılarını öz üzərinə götürmüş, 93 milyon manata yaxın vəsaiti müxtəlif istiqamətlər üzrə xərcləmişdir. Fondun fəaliyyəti dövlət və vətəndaş cəmiyyəti həmrəyliyinin nümunəsi kimi şəhid ailələrinə və qazilərə dayaq olur.

Bütün bu tədbirlər bir daha göstərir ki, Azərbaycan dövləti və xalqı öz qəhrəmanlarını unutmur, onların göstərdiyi şücaəti uca tutur və daim qürurla xatırlayır. Anım Günü, Zəfər parkı, yeni orden və medallar, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı Azərbaycanın həm dövlətçilik, həm də milli - mənəvi dəyərlərinin təntənəsidir. Qələbəmizi bizə bəxş edən şəhidlərimizin müqəddəs xatirəsi və qəhrəman əsgərlərimizin şücaəti xalqımızın yaddaşında əbədi yaşayacaq.

Nigar Orucova, "İki sahil"

Chosen
13
ikisahil.az

1Sources