EN

Su ehtiyatlarını artırmaq üçün ilk pilot layihə

«ACWA Power» şirkəti dəniz suyunun duzsuzlaşdırılması istiqamətində Azərbaycana 407 milyon ABŞ dolları həcmində investisiya yatıracaq

Hazırda Azərbaycanda su ehtiyatlarının artırılması üçün bir bir neçə layihə üzərində işlənilir. Bunlardan biri yağış sularının hesabına su anbarlarının sayını artırmaqdır. Digəri isə dəniz suynun duzsuzlaşdırılmasıdır. Sonuncu proseslə bağlı artıq dünya təcrübəsi mövcuddur. Xüsusilə, Səuliyyə Ərəbistanının «ACWA Power» şirkəti dəniz suyunun duzsuzlaşdırılması istiqamətində bir xeyli layihələr reallaşdırıb. Şirkət bu sahədə də ölkəmizlə fəal əməkdaşlıq edəcəyini bildirib. Bu məqsədlə Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF) çərçivəsində Azərbaycan hökuməti ilə  «ACWA Power» arasında «Xəzər dənizində Suyun Duzsuzlaşdırılması Zavodunun layihələndirilməsi, tikintisi, istismarı və texniki xidməti üzrə saziş» imzalanıb. Sənədi  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və «ACWA Power»in baş icraçı direktoru Marko Arselli imzalayıblar. Saziş dizayn, tikinti, maliyyələşdirmə, istismar və texniki xidmət mərhələlərini əhatə edir. Layihə regionda su ehtiyatlarının səmərəli idarə olunmasına və içməli su təminatının artırılmasına yönəlib.

Məlumduur ki, Prezident İlham Əliyev ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə 2023-cü il aprelin 12-də «Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında» Sərəncam imzalayıb. Sərəncamda paytaxtın və ətraf ərazilərin su təchizatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur. Həmin il aprelin 19-da isə Baş nazir Əli Əsədov sözügedən Prezident Sərəncamının icrasının təmin edilməsi barədə müvafiq sənəd imzalayıb.

Son iki  ildə qeyd edilən layihəyə dair tədbirlərin qarşılıqlı icrasının təmin edilməsi üçün dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə işçi qrup yaradılıb. Həmçinin layihənin icrası ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, investorların cəlb olunması üçün müsabiqənin keçirilməsi qərara alınıb. Bu məqsədlə İqtisadiyyat Nazirliyi tərəfindən dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin reallaşdırılması üçün 2024-cü il fevralın 8-də müsabiqə elan olunub. Müsabiqənin qalibi  isə «ACWA Power» şirkəti olub.

Bəs bu şirkəti qalib edən hansı üstünlükləridir? Bildirilir ki, «ACWA Power»  müsabiqəyə təqdim olunmuş layihədə digər şirkətlərdən fərqli olaraq həm maliyyə,  həm də texniki baxımdan ən səmərəli və sərfəli  təkliflərlə çıxış edib. Məlumdur ki, ölkəmiz «ACWA Power» şirkətinin dünyada nüfuzlu şirkət olduğunu bilərək onun daha effektli iş görəcəyinə əmindir. Bu şirkətin rəhbərlik etdiyi konsorsiumun digər üzvü Türkiyənin «IC İÇTAŞ İNŞAAT SANAYİ VE TİCARET A.Ş.» şirkətidir.

Qeyd edək ki, dəniz suyunun duzsuzlaşdırılması layihəsi ilk pilot layihədir. Onun dəyəri 407 milyon ABŞ dolları təşkil edir. Layihə çərçivəsində Sumqayıt Sənaye Parkında tikiləcək zavodda gündəlik 300 min kubmetr su təmizlənəcək. Müqaviləyə əsasən zavodun layihələndirilməsi, tikintisi və 25 il müddətində istismarı «ACWA Power» tərəfindən həyata keçiriləcək. Bu pilot layihə Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək məqsədilə həyata keçirilir. Məqsəd dövlətin içməli su təchizatında yükünü azaltmaq, bu sahədə beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq, iqtisadiyyata xarici sərmayələri cəlb etməkdir.

Yeri gəlmişkən, 2004-cü ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təsis edilmiş «ACWA Power» şirkəti suyun duzsuzlaşdırılması və «yaşıl» hidrogen sahələrində qabaqcıl özəl şirkətlərdən biridir. Şirkət Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiya da daxil olmaqla 13 ölkədə fəaliyyət göstərir. 4 mindən çox işçi olan şirkətin  istismarda olan, inkişaf etdirilən və tikilməkdə olan 94 layihəsi var. Həmin layihələrin sərmayə dəyəri 97 milyard ABŞ dolları təşkil edir. «ACWA Power» şirkəti 69 qiqavat enerji istehsalı və gündəlik 8 milyon kubmetr duzsuzlaşdırılmış su istehsal edir.

«ACWA Power» şirkəti həm də ölkəmizin «yaşıl enerji» sahəsində əsas tərəfdaşlarından biridir. Şirkətin baş direktoru Marko Arçelli Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib: «Artıq biz bərpaolunan enerjiyə də sərmayə qoyuruq. İlin sonuna qədər istifadəyə veriləcək 240 meqavatlıq «Xızı–Abşeron» Külək Elektrik Stansiyasını tikirik. Ümumilikdə, ölkəyə 750 milyon dollarlıq investisiya yatırılması reallaşacaq ki, bu da iqtisadiyyatı daha rəqabətqabiliyyətli, daha dayanıqlı etməyə və onu neft-qaz asılılığından şaxələndirməyə, turizmdən sənayeyə və digər xidmət sahələrinə qədər dünyanın müxtəlif yerlərindən yeni sahələri cəlb etməyə kömək edəcək».

Şirkət 2024-cü ilin iqtisadi nəticələrinə görə, enerji keçidi sahəsində lider və dəniz suyunun duzsuzlaşdırılması üzrə dünyanın ən böyük özəl şirkəti elan edilib.

Elçin Zaman, «İki sahil»

Chosen
10
ikisahil.az

1Sources