EN

EBRD: Gələn il Azərbaycanda 2.6% iqtisadi artım proqnozlaşdırır

2024-cü ildə 4.1 faiz olan Azərbaycanın iqtisadi artımı 2025-ci ilin ilk yarısında 1.5 faizə qədər zəifləyib. Buna səbəb karbohidrogen hasilatının 3.1 faiz azalması olsa da, tikinti, ticarət və turizm tərəfindən dəstəklənən qeyri-neft fəaliyyəti 3.8 faiz artıb.

Banker.az xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) sentyabr ayına olan “Regional iqtisadi perspektivlər” icmalında yer alıb.

Hazırda qeyri-neft sektorlarının ÜDM-də payı üçdə ikidən çoxdur. Başlıca inflyasiya isə 2024-cü ildə orta hesabla 2.2 faizdən 2025-ci ilin ilk səkkiz ayında 5.6 faizə yüksəlib, əsasən ərzaq və xidmət qiymətlərinin bahalaşması nəticəsində. 2025-ci ilin iyulunda Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 25 baza bəndi azaldaraq 7.0 faizə endirib, bununla da 2023-cü ilin sonundan bəri ümumi yumşalma 200 baza bəndinə çatıb. Halbuki inflyasiya hədəf diapazonunun (4 faiz ±2) yuxarı həddinə yaxınlaşıb.

Maliyyə və xarici dayanıqlılıq güclü olaraq qalır. Dövlət büdcəsi 2025-ci ilin ilk yarısında ÜDM-in 4.4 faizi həcmində profisitlə icra olunub ki, bu da 2024-cü illə müqayisədə bir qədər aşağıdır. Bununla belə, gəlirlər və neft qiymətləri büdcə proqnozlarını üstələyib. Xarici valyuta ehtiyatları (dövlət neft fondu ARDNF-ın aktivləri də daxil olmaqla) 2025-ci ilin ortalarında 78.8 milyard ABŞ dollarına çatıb və üç ildən çox idxalı ödəmək gücündədir. Nəticədə “Moody’s” 2025-ci ilin iyununda Azərbaycanın suveren reytinqini Baa3 səviyyəsinə yüksəldib və ölkənin fiskal dayanıqlığını vurğulayıb.

Proqnozlara görə, 2025-ci ildə real ÜDM 2 faiz, 2026-cı ildə isə 2.5 faiz artacaq. Bu Bankın may proqnozu ilə eynidir. Burada möhkəm qeyri-neft fəaliyyəti zəif karbohidrogen sektoru ilə tarazlanacaq. Enerji qiymətlərində dəyişkənlik, qlobal ticarətdə qeyri-müəyyənlik və regional geosiyasi gərginlik əsas risklər olaraq qalır. Potensial üstünlüklər isə Aİ ilə enerji sahəsində əməkdaşlıq, Orta Dəhlizin genişlənməsi və ABŞ-ın dəstəklədiyi Ermənistanla sülh çərçivəsindən irəli gəlir ki, bu da yeni ticarət marşrutlarını açaraq investor inamını gücləndirə bilər.

Azərbaycanın İqtisadiyyat Nazirliyi 2026-cı ildə 2.9 % səviyyəsində proqnozlaşdırır.

 

Chosen
15
2
banker.az

4Sources