EN

Gələn ay Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının iclası olacaq

Oktyabrın 9-da Belqradda Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının keçirilməsi planlaşdırılır.

Bakıvaxtı.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir, Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev ölkəmizdə rəsmi səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi, birgə layihələrin icrası, qarşılıqlı investisiya imkanları və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Azərbaycanın Serbiya ilə bütün sahələrdə strateji tərəfdaşlığı gücləndirmək niyyətində olduğunu qeyd edən S.Babayev ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin və Hökumətlərarası Komissiyanın mühüm platforma olduğunu bildirib. O, qeyd edib ki, Hökumətlərarası Komissiyanın ötən ilin iyulunda Bakıda keçirilmiş 8-ci sessiyasında bir çox mühüm təşəbbüslər irəli sürülüb, gələn ay isə növbəti iclasın keçirilməsi planlaşdırılır.

Görüşdə iki ölkə arasında qarşılıqlı investisiyaların artdığı, 2024-cü ildə ticarət dövriyyəsinin dəyərinin 16,7 % artaraq 190,3 milyon ABŞ dollarına çatdığı diqqətə çatdırılıb. Həmçinin enerji, infrastruktur, aviasiya, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə mövcud əməkdaşlıq imkanlarının qarşılıqlı faydalı layihələrin reallaşdırılması üçün geniş perspektivlər açdığı vurğulanıb.

Öz növbəsində, A.Brnabiç Azərbaycanla Serbiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bu əməkdaşlığın qarşılıqlı etimada və dostluğa əsaslandığını qeyd edib. O, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanın mövcudluğuna baxmayaraq, mövcud statistik göstəricilərin real potensialı əks etdirmədiyini və siyasi münasibətlərin səviyyəsinə uyğun gəlmədiyini vurğulayıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.

Xanım Brnabiç, həmçinin azərbaycanlı investorların Serbiyada daşınmaz əmlak, kənd təsərrüfatı və digər sahələrdə sərmayə yatırmalarında maraqlı olduqlarını bildirib.

Chosen
17
12
bakivaxti.az

10Sources