Dünən Azərbaycan Dillər Universitetinin Türkiyənin Səlcuq Universiteti ilə birlikdə təşkil etdiyi V Beynəlxalq Dil və Tərcüməşünaslıq Konfransının açılış mərasimi olub. Məclisdə dünyanın 14 ölkəsinin - Azərbaycan, ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirliyi, Çexiya, Əlcəzair, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə və Yunanıstanın 102 universitetindən 234 elm adamı iştirak edib.
Mərasimdə Türkiyənin Səlcuq Universitetinin prorektoru, professor Haldun Soydalın videotəbriki nümayiş olunub. ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, professor Həmidə Əliyeva konfransın əhəmiyyətindən söz açıb.
Daha sonra Səlcuq Universitetinin Mütərcim və tərcümanlıq bölməsinin rəhbəri, konfransın təşkilat komitəsinin sədri, professor Onur Köksal, Azərbaycan Dillər Universitetinin German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının professoru Qılıncxan Bayramov çıxış edib. ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova, Səlcuq Universitetinin mütərcim və tərcümanlıq bölməsinin müəllimi Rövşən Ramizoğlu konfransın önəmi ilə bağlı fikirlərini bölüşüblər.
Dünyanın bir sıra universitetlərinin təmsilçiləri konfransda tərcümə və dil sahəsində bilik və bacarıqlarını nümayiş etdiriblər.
XQ