EN

Oktyabrda Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək - FOTO

Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə​ Hökumətlərarası Komissiyanın ötən ilin iyul ayında Bakıda keçirilən 8-ci sessiyasında bir çox mühüm təşəbbüslər irəli sürülüb, cari ilin oktyabr ayında isə Belqradda Komissiyanın 9-cu iclasının keçirilməsi planlaşdırılır.
 
Moderator.az xəbər verir ki, bu barədə maliyyə naziri, Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev ölkəmizdə rəsmi səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı qeyd edib.
 
Görüşdə Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi, birgə layihələrin icrası, qarşılıqlı investisiya imkanları və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
 
Azərbaycanın Serbiya ilə bütün sahələrdə strateji tərəfdaşlığı gücləndirmək niyyətində olduğunu qeyd edən S.Babayev ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin və Hökumətlərarası Komissiyanın mühüm platforma olduğunu bildirib.
 
Görüşdə iki ölkə arasında qarşılıqlı investisiyaların artdığı, 2024-cü ildə ticarət dövriyyəsinin 16,7 faiz artaraq 190,3 milyon dollara çatdığı diqqətə çatdırılıb. Həmçinin enerji, infrastruktur, aviasiya, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə mövcud əməkdaşlıq imkanlarının qarşılıqlı faydalı layihələrin reallaşdırılması üçün geniş perspektivlər açdığı vurğulanıb.
 
Ana Brnabiç Azərbaycan ilə Serbiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bu əməkdaşlığın qarşılıqlı etimada və dostluğa əsaslandığını qeyd edib. O, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanın mövcudluğuna baxmayaraq, mövcud statistik göstəricilərin real potensialı əks etdirmədiyini və siyasi münasibətlərin səviyyəsinə uyğun gəlmədiyini vurğulayıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.
 
A.Brnabiç, həmçinin azərbaycanlı investorların Serbiyada daşınmaz əmlak, kənd təsərrüfatı və digər sahələrdə sərmayə yatırmalarında maraqlı olduqlarını bildirib.
Chosen
1
12
moderator.az

10Sources