EN

Qlobal platformalarla yerli brendləri birləşdirmək: Tural Kərimov danışır

2024-cü ildə Aleph Azərbaycana daxil olaraq TikTok For Business platformasının rəsmi təmsilçisi oldu. Cəmi bir ildən sonra isə 2025-ci ildə şirkət Formula 1 KICK Sauber komandasının sponsoru oldu. Azərbaycan Qran Prisi fonunda, Aleph-in Azərbaycan üzrə satış direktoru Tural Kərimov şirkətin ilk ili, TikTok ilə tərəfdaşlığı və ölkədə rəqəmsal landşaftın inkişafı haqqında danışdı.
 
- Tural, Aleph Formula 1 KICK Sauber komandasının sponsorudur və bu yaxınlarda komanda Bakıya gəldi. Aleph üçün Formula 1 kimi qlobal idmanın bir parçası olmaq nə deməkdir?
-  Formula 1 sürət, innovasiya, dəqiqlik və performans deməkdir ki, elə məhz bu keyfiyyətlər də rəqəmsal marketinqdə uğuru müəyyənləşdirir. Bizim üçün bu sponsorluq sadəcə qlobal görünürlük deyil, həm də Aleph-in müxtəlif bazarları və mədəniyyətləri birləşdirmə öhdəliyini əks etdirir. Azərbaycan Qran Prisinin keçirilməsi bu tərəfdaşlığı yerli bazar üçün daha da əhəmiyyətli edir. Bu, müştərilərimizə və tərəfdaşlarımıza göstərir ki, Aleph yalnız TikTok For Business-in inkişafına dəstək vermir, həm də onları qlobal innovasiya və imkanlar ekosisteminə bağlayır.

- Aleph artıq Azərbaycanda bir ildir fəaliyyət göstərir. Hansı əsas nəticələri və mərhələləri vurğulamaq olar?
-Bu il çox dinamik və faydalı keçdi. Əsas mərhələ, əlbəttə ki, TikTok For Business-in Azərbaycanda Aleph vasitəsilə istifadəyə verilməsi oldu. Bu müddət ərzində biz aparıcı agentliklər və reklamverənlərlə güclü tərəfdaşlıqlar qurduq, bazarı təlimlər və seminarlarla maarifləndirdik və artıq FMCG, maliyyə, telekom və e-ticarət sahələrində uğurlu kampaniyalara dəstək verdik.

-  TikTok qlobal fenomenə çevrilib. Sizcə, platformanın Azərbaycandakı rolu nədir?
- TikTok sadəcə sosial şəbəkə deyil — burada trendlər yaranır, istifadəçilərin diqqəti tam cəlb olunur. Azərbaycanda nəinki tək Gen Z və millennial nəsilləri arasında yüksək istifadəçi fəallığı görürük, həmçinin daha yaşlı auditoriya da getdikcə burda aktivləşir. Bu, brendlərə istehlakçılarla autentik, əyləncəli və yaradıcı məzmun vasitəsilə əlaqə qurmaq üçün unikal imkan yaradır. Bugün TikTok yalnız əyləncə deyil — kontenti kəşf etmək üçün əsas platformadır. “Axşam ailəmlə hansı restorana gedim?”, “Bu yeni telefonun yaxşı və pis cəhətləri nədir?”, “Bu maşın Bakı küçələrində necə görünür?” kimi neçə-neçə gündəlik sualın cavabını tapmaq üçün insanlar Tiktokdan istifadə edir. Bu da platformanı həm məzmun istehlakı üçün lider, həm də marketoloqlar üçün effektiv kanal edir.

- Sizcə, bu gün Azərbaycanda rəqəmsal reklam bazarını formalaşdıran əsas tendensiyalar hansılardır?
- Mən üç əsas tendensiyanı vurğulayardım:
Video prioritetdir. Qısa video kontenti diqqəti tez cəlb edir, brendlər də büdcələrini TikTok kimi platformalara yönəldirlər.


Performansa fokus. Reklamverənlər ölçüləbilən nəticə istəyirlər - kliklər, konversiyalar, real satışlar. TikTok da ki, nəinki geniş auditoriya, həm də nəticəyönümlü performans həlləri verir.


Lokallaşma və autentiklik. Azərbaycan auditoriyası yerli mədəniyyəti, adətləri, dəyərləri əks etdirən məzmuna daha güclü reaksiya verir. “Özümüzünkü”, doğma görünən kreativlər ilə hazırlanan kampaniyalar daha uğurludur. 


-  Aleph qlobal şirkətdir. Bu təcrübə Azərbaycanda işinizə necə kömək edir?
- Bu böyük üstünlükdür. Biz Avropa, Yaxın Şərq və Latın Amerikasındakı uğurlu təcrübələri Azərbaycana gətiririk və onları yerli bazara uyğunlaşdırırıq. Digər bazarlarda brendlərin TikTok-dakı uğur hekayələrini paylaşırıq və həmin strategiyaları Azərbaycan istehlakçısına uyğunlaşdırırıq. Qlobal bilik və yerli icra Aleph-in ən böyük gücüdür.

- Qarşıdakı il üçün planlarınız nələrdir?
- Biz maarifləndirməyə investisiya etməyə davam edəcəyik - daha çox seminar, agentliklərə və brendlərə birbaşa dəstək göstərəcəyik. Həmçinin, daha çox yerli uğur hekayəsini paylaşmağı planlaşdırırıq ki, Azərbaycandakı bizneslərin TikTok vasitəsilə real nəticələr əldə edə biləcəyini sübut edək. Bundan əlavə, reklamverənlərin artan tələblərinə cavab olaraq Spotify və LG Smart TV reklamlarını da təqdim edəcəyik. Düzdür, TikTok bizim əsas tərəfdaşımızdır, amma digər platformaları da müştərilərin ehtiyaclarına görə təklif edə bilərik.

- Və nəhayət, şəxsi sual: Aleph-in Azərbaycandakı fəaliyyətinə rəhbərlik edərkən sizi ən çox motivasiya edən nədir? 
-Hər səhər işə getməyə, işləməyə məni ən çox ruhlandıran səbəb bazarın necə sürətlə dəyişməsini görməkdir. Cəmi bir il əvvəl TikTok reklamı bir çoxları üçün yenilik, əksəriyyət üçün “qara qutu” idi. Bu gün isə artıq marketinq strategiyalarının, mediaplanların ayrılmaz hissəsinə çevrilib. Bu transformasiyanın bir parçası olmaq və Azərbaycan brendlərinin böyüməsinə dəstək vermək mənim üçün qürur vericidir 

Bir illik güclü təməl əsasında Aleph Azərbaycan yerli bizneslərə TikTok-un sürətini və yaradıcılığını istifadə edərək rəqəmsal yarışda qalib gəlməyə kömək etməyə hazırdır.

Chosen
25
azerforum.com

1Sources