EN

Ölkəyə turist axınında bir milyon azalma - çıxış yolu 

Ekspert deyir ki, əsas problem quru sərhədlərin bağlı olması və... 

Statistikaya əsasən 2019-cu ildə, quru sərhədlərin açıq olduğu vaxtda turizm məqsədilə Azərbaycana 2 863 531 əcnəbi vətəndaş səfər edib. 2024-cü ildə bu rəqəm 1 855 113 nəfər olub. 2019-cu illə müqayisədə 2024-cü ildə ölkəyə məhz turizm məqsədilə gələn əcnəbilərin sayı 1 milyon 8 min 418 nəfər azalıb. 

Mütəxəssislər bunun səbəbini Azərbaycanın quru sərhədlərinin bağlı olması ilə əlaqələndirir. Quru sərhədlərin bağlı olması həqiqətən turizm sektoruna zərbə vurur? 

İqtisadçı ekspert Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, ölkəyə gələn turistlərin sayının azalmasında quru sərhədlərin bağlı olması və karantin müddətinin davam etməsinin əhəmiyyətli təsiri var: “Bu, sərhədyanı bölgələrdə həm ticarətə, həm insanların sosial vəziyyətinə mənfi təsir göstərir. İnsanların xərcləri artır. Eyni zamanda gediş-gəliş turizmi üçün, xüsusən də qonşu ölkələrlə turizm sektorunda ciddi problem yaradır”. 

İdxalın

Xalid Kərimli 

Xalid Kərimli hesab edir ki, ölkəyə gələn turistlərin sayının azalmasını təkcə quru sərhədlərlə bağlamaq düzgün olmaz: "Bu, turizm sahəsində ciddi problemlərin olduğunu göstərir. Turizm obyektlərinə böyük investisiyalar qoyulub, hotellərin tikintisinə milyonlar xərclənilib. Azərbaycanda ən böyük layihələr turizm layihələridir. Amma faktiki olaraq turizmin inkişaf göstəriciləri məyusedicidir. Biz qonşu Gürcüstanla belə müqayisə olunmuruq. Gürcüstanda imkanlar daha məhduddur, amma bizdən üç dəfə çox turist səfər edir". 

Xalid Kərimlinin fikrincə, bu prosesdə çoxlu mürəkkəb səbəblər var: “Əsas məsələ isə Azərbaycanın turizm ölkəsi olmamasıdır. Həmçinin ölkəyə gəlməyin çətinlikləri, qiymətlər, quru sərhədlərin bağlı olması və digər kompleks səbəblər mövcuddur”. 

Çıxış yolları nədir, turistləri təşviq etmək üçün hansı işlər görülməlidir?  

Mütəxəssislər bu geriləməni əsasən Azərbaycanın quru sərhədlərinin hələ də bağlı olması ilə əlaqələndirirlər. Quru sərhədlərin bağlı qalması turizm sektoruna bir neçə istiqamətdə mənfi təsir göstərir. İlk növbədə, quru yolu ilə səyahət edən turistlər üçün bu seçim daha ucuz və əlçatan olurdu. Xüsusilə qonşu ölkələrdən - Gürcüstan, Rusiya, İran və Türkiyədən gələn turistlər çox zaman avtomobil və ya avtobusla səyahət edirdilər. Bu, həm fərdi turistlər, həm də ailəvi və ya qrup şəklində gələn səyyahlar üçün əlverişli idi. Quru sərhədlərin bağlanması ilə onlar alternativ marşrutlara və ölkələrə yönəlməyə başlayıblar. Bundan əlavə, quru yolu ilə həyata keçirilən qısamüddətli səfərlər, xüsusilə regionlar üçün əhəmiyyətli gəlir mənbəyi idi. Məsələn, Gürcüstandan Azərbaycana həftəsonu səfər edən turistlər bölgələrdə yerləşən qonaq evləri, restoranlar və yerli ticarət obyektləri üçün daimi müştəri bazası yaratmışdılar. Sərhədlərin qapalı qalması həmin xidmət sahələrinin gəlir imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Turist axınının azalması ölkənin turizm sənayesinə birbaşa təsir etməklə yanaşı, dolayı yolla bir sıra digər sahələrə də zərər vurur. Aviareyslərlə ölkəyə gəlmək daha baha başa gəldiyindən, orta gəlirli turistlər üçün Azərbaycan daha az cəlbedici turizm istiqamətinə çevrilib. Bu da turizm rəqabətliliyinin azalmasına və Azərbaycanın alternativ istiqamətlərlə müqayisədə uduzmasına səbəb olur. 

Quru sərhədlərin uzun müddət bağlı qalması təkcə turizm statistikasında deyil, həm də real iqtisadi və sosial mühitdə ciddi mənfi nəticələr doğurur. Mövcud vəziyyətin davam etməsi halında Azərbaycanın turizm sektorunda canlanma müşahidə etmək çətin olacaq. Sərhədlərin açılması bu prosesə müsbət təsir edə və ölkənin turizm potensialını yenidən canlandıra bilər. 

Ceyhun

Ceyhun Aşurov 

Turizm üzrə ekspert Ceyhun Aşurov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Azərbaycana gələn əcnəbilərin sayının pik göstəricisi 2019-cu ildə olub. Təqribən 3,2 milyon əcnəbi Azərbaycana səfər edib. Onların da təqribən 2,9 milyonu turist olub, yəni ən azı bir gecə ölkəmizdə gecələyiblər. 2024-cü ildə isə turistlərin sayı 1,9 milyon olub ki, bu da azalmanı göstərir. Azərbaycanda hələ də turizm bazarı bərpa dövrünü yaşayır. Çünki mövcud şərait, geosiyasi vəziyyət, müharibələr qonşu ölkələrə, eləcə də Azərbaycanın turizm bazarına da təsirsiz ötüşmür. Bundan əlavə, quru sərhədlərin bağlı olması ən başlıca səbəbdir. Baxmayaraq ki, vizaların alınması asanlaşıb, bəzi ölkələrlə viza tələbi aradan götürülüb, hava məkanı açıqdır, bir çox ölkələrlə uçuş əlaqələri mövcuddur, amma quru sərhədlərin bağlı olması, yerüstü sərhədlərin bağlı qalması ölkəyə gəliş-gedişin qiymətlərinə də təsir göstərir. Bu, ölkəyə gəliş-gediş qiymətlərini artırmış olur. Bu da dolayısı ilə ölkəyə turistlərin gəlmə qərarlarına təsir edir. Yəni burada əsas səbəblərdən biri quru sərhədlərin bağlı olması, ikinci əsas səbəb isə hava nəqliyyatının qiymətinin əlçatan olmaması ilə bağlıdır. Gediş-gəliş qiymətləri qonşu Gürcüstanla müqayisədə, təyyarə biletlərinin qiymətləri baxımından Azərbaycanda daha bahadır. Yaxşı olardı ki, Azərbaycanda olan, qonşu ölkələrdən daha çox sayda beynəlxalq hava limanlarımız daha səmərəli işləyərdi. Bu limanların daha çox sərnişinə xidmət göstərmək imkanı var ikən onların aktiv işləməsinə imkan yaratmır”. 

Natiq

 Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərlinin də mövzu ilə bağlı fikirləri diqqət çəkir: “Azərbaycana 2019-cu ildə, yəni quru sərhədlərin açıq olduğu ildə turizm məqsədilə 2 863 531 əcnəbi səfər etmişdi. 2024-cü ildə bu rəqəm 1 855 113 nəfər olub - özü də 2024-cü il quru sərhədlərin bağlı olduğu dövrdə ən yaxşı göstərici idi. 

2019-cu illə müqayisədə 2024-cü ildə ölkəyə məhz turizm məqsədilə gələn əcnəbilərin sayı 1 mln. 8 min 418 nəfər azalıb.  

Tək elə bu rəsmi statistika sübut edir ki, quru sərhədlərin bağlı olması turizm sektoruna böyük zərbə vurur. Dünən Bakıda Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb. Forumda çıxış edən bütün nazirlər və məmurlar turizm sektorunun prioritet olduğundan danışıblar. Problem də budur ki, quru sərhədləri bağlı saxlayıb turizmi prioritet elan etmək məntiqə uyğun deyil".  

Afaq MİRAYİQ, 
“Yeni Müsavat” 

 

 

 

 

 

Chosen
11
4
musavat.com

5Sources