EN

Ukrayna və Qəzza müharibəsi nə vaxt bitəcək? Dünyanın gözü orada

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyasında əsas müzakirə mövzuları arasında Ukrayna və Fələstin məsələləri də yer alır. Bu müzakirələrdə əksər dünya dövlətləri tərəfindən Rusiyanın işğalçı siyasətinin tanındığı, Ukraynanın ərazi bütövlüyünün dəstəkləndiyi məlum oldu. O cümlədən Qəzzada törədilən soyqırımın sonlandırılması, bütün coğrafiyalarda qeyri-insani, beynəlxalq hüquqa zidd davranışlara son verilməsi istiqamətində çağırışlar edildi. Lakin bu çağırışların real nəticəsi olacaqmı sualına “yox” cavabı verilə bilər”.

Bu sözləri Globalinfo.az-a politoloq Şəhla Cəlilzadə deyib.

O qeyd edib ki, bu pessimist mövqeyə ABŞ Prezidenti Trampın dili ilə münasibət bildirmək lazımdır.

Sitat: “BMT-nin o qədər böyük potensialı var ki, lakin bu potensialın heç bir azını belə istifadə etməq iqtidarında deyil. BMT-nin edə bildiyi yeganə iş – sərt ifadəli sözlərlə müraciətlər ünvanlamaqdır. Bu müraciətlərin reallaşıb-reallaşmadığına heç bir nəzarət imkanı yoxdur. Odur ki, bunlar boş sözlərdir”.

Beləliklə, aydındır ki, BMT çərçivəsində istənilən çağırış hər hansı məsələnin, ələlxüsus 4 ildir davam edən Ukrayna müharibəsi və İsrail yaranan gündən bəri 77 ildir mövcud Fələstin məsələsində həlledici deyil. Bununla yanaşı, ABŞ-ın mövqeyi həqiqətən də İsrailə təsir baxımından kritik sayılır. Ona görə də, bu qlobal platforma üzərindən həm Avropa dövlətləri, həm ərəb-müsəlman dövlətləri ABŞ-a müraciət edir, Trampla çoxtərəfli görüşlər keçirərək onun mövqeyini dəyişməyə çalışır”.

Politoloq deyib ki, Trampın Baş Assambleya çərçivəsində ərəb-müsəlman dünyasının aparıcı üzvəri – BƏƏ, Qatar, Səudiyyə, Misir, İordaniya, Türkiyə, İndoneziya və Pakistan dövlət başçıları ilə görüşü onun Fələstinlə bağlı mövqeyinin dəyişdirilməsinə xidmət edə bilmədi:

“Belə ki, ərəb-müsəlman dövlətləri bu yaxınlarda birgə bəyannamə yayaraq dünyanı İsrailə qarşı kollektiv mübarizəyə səsləmişdilər. Lakin Tramp görüş zamanı bir daha öz qəti mövqeyini səsləndirdi: “Fələstinin tanınması HƏMAS-ın törətdiyi cinayətlərə görə mükafatlandırmaq deməkdir”. Bu, İsrailin əsas tezisi olub, dünya dövlətlərini Fələstinin müstəqilliyini tanımaqdan yayındırmaq məqsədinə xidmət edir. Eyni zamanda, ABŞ-ın Ukrayna məsələsində mövqeyi də mübahisəlidir.

Şəhla Cəlilzadə

15 avqustda Putini dünyanı yenidən bölüşdürən lider kimi qəbul edən, Ukraynanı ərazi güzəştlərinə vadar etməklə müharibəni hazırkı sərhəd xətti əsasında sonlandırmağa çalışan Tramp, indi bəyan edir ki, Rusiyanın iqtisadi imkanları o qədər də böyük deyil və Ukraynanın qalibiyyəti sonadək dəstəklənə bilər. Lakin bu çıxışla paralel olaraq ABŞ Dövlət katibi Rubio “hazırki sərhəd xətti əsasında münaqişənin sonlandırılması” tezisini təkrar səsləndirir.

Beləliklə, aydındır ki, Ukraynadakı müharibə tərəflərdən birinin resursları tükənənədək davam edəcək (Rusiyanın resurslarını tükəndirəcək yeganə amil – iqtisadi əlaqələrin tamamən sonlandırılmasıdır ki, bu məsələdə Avropada yekdil mövqe yoxdur), Fələstin isə bütün dünya tərəfindən tanınsa belə, ABŞ və İsrail tərəfindən tanınmayınca, “ikidövlətli həll” modeli əsasında münaqişənin sonlandırılması mümkün olmayacaq. Nəticə olaraq, siyasi mövqe qoyula bilər, lakin ABŞ qəti addımlar atmaq, Ukrayna ilə bağlı Rusiyaya qarşı real hərbi cəbhə yaratmaq, yaxud Fələstini tanımaq niyyətində deyil. Qlobal çağırışlar maksimum iqtisadi təzyiqin artırılmasına səbəb ola bilər ki, ABŞ İsrailə münasibətdə heç buna da getməz”.

Turan Rzayev

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
globalinfo.az

1Sources