EN

Azərbaycanda ilk dəfə robot-assistentlə laparoskopik əməliyyat icra edilib

Azərbaycanda ilk dəfə Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində robot-assistentli laparoskopik əməliyyat həyata keçirilib.

APA Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Çin Xalq Respublikasının “Kangduo” şirkəti tərəfindən təqdim edilmiş robotik cihaz Azərbaycanda ilk dəfə olaraq Milli Onkologiya Mərkəzində quraşdırılıb. Əməliyyatdan əvvəl bütün tibb personalına, o cümlədən həkimlərə “Kangduo” şirkətinin Çindən və Qazaxıstandan dəvət olunmuş mütəxəssisləri tərəfindən xüsusi təlimlər keçirilib.

İlk əməliyyat robot-assistentli histerektomiya olub. Əməliyyatın ilkin mərhələləri Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev tərəfindən icra edilib. Sonrakı mərhələlər isə Milli Onkologiya Mərkəzinin ixtisaslı həkimləri tərəfindən uğurla davam etdirilib.

Sentyabrın 24-də Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Milli Onkologiya Mərkəzində robot-assistentli laparoskopik cərrahiyyə əməliyyatının keçirilməsi prosesi ilə tanış olub.

Mərkəzin Baş direktoru, akademik Cəmil Əliyev bildirib ki, bu, konkret xəstəyə minlərlə kilometr uzaqdan belə anında və yüksək dəqiqliklə təcili yardım göstərmək imkanı yaradır. Beləliklə, kritik vəziyyətdə olan pasiyent indi yalnız olduğu şəhərin və ya ölkənin imkanlarından asılı deyil - o, beynəlxalq səviyyəli həkimlərin bilik və təcrübəsinə robotlar vasitəsilə dərhal çıxış əldə edə bilər.

Hazırda Milli Onkologiya Mərkəzində robot-assistentli cərrahiyyənin inkişafı istiqamətində əlavə təlimlərin keçirilməsi və ginekologiya, urologiya, abdominal cərrahiyyə və koloproktologiya şöbələrində yeni əməliyyatların həyata keçirilməsi planlaşdırılır.

Chosen
10
21
apa.az

10Sources