Gununsesi saytına istinadən ain.az xəbər verir.
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı İctimai Təhlükəsizlik Baş İdarəsinin Əməliyyatlar və Təlim üzrə Baş direktor müavini briqada generalı Məhəmməd Mahmud Əl-Ömərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, qonaqları səmimiyyətlə salamlayan nazir K. Heydərov ölkələrimiz arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq münasibətləri çərçivəsində fövqəladə halların idarə edilməsi və mülki müdafiə sahəsində əlaqələrin genişləndirilməsinin hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb. Bu mənada, cari ilin aprel ayında İordaniya Haşimilər Krallığına rəsmi səfərini xatırladan nazir K.Heydərov səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Nazir ölkəmizdə fövqəladə hallarla mübarizə və mülki müdafiə sahəsində görülən işlərdən danışıb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə toxunub. Əminlik ifadə edilib ki, hazırki səfər zamanı keçirilən görüşlər və aparılan müzakirələr qurumlar arasında müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişafına əlavə təkan verəcək. Bu çərçivədə, fövqəladə halların idarə edilməsi və mülki müdafiə sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, təlim və tədris sahəsi üzrə FHN-in Akademiyası ilə İordaniya Haşimilər Krallığının müvafiq təhsil müəssisələri arasında əməkdaşlığın formalaşdırılması üçün yaxşı imkanların mövcud olduğu bildirilib.
Səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Məhəmməd Mahmud Əl-Öməri iki ölkənin fövqəladə hallarla mübarizə və mülki müdafə sahəsində cavabdeh qurumları arasında münasibətlərin genişləndirilməsindən məmnunluq ifadə edib, müxtəlif istiqamətlər üzrə əməkdaşlığın dərinləşməsinin qarşılıqlı faydasını vurğulayıb. Qonaq ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərin və müzakirələrin məhsuldar olacağına, əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. O, həmçinin Azərbaycan FHN-in nümayəndəsinin cari ilin iyul ayında keçirilmiş seçkilərdə yekdilliklə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilməsi münasibətilə təbriklərini çatdırıb.
Daha sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi və İctimaiyyətlə əlaqə idarəsinin fəaliyyəti ilə yerində tanış olublar.
Qeyd edək ki, səfər çərçivəsində İordaniya nümayəndə heyəti FHN-in bir sıra digər qurumlarına səfər edəcək, onların fəaliyyətləri ilə yerində tanış olacaq.
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.