EN

Erməni məhkumlar əfv olunarsa nələr baş verəcək?

Yazını böyüt
Yazını kiçilt

Əvvəllər də Azərbaycana qarşı döyüşmüş əsgərlərin əfv olunması, bağışlanması və Ermənistan tərəfinə təhvil verilməsi halları olub"

Azərbaycanda ədalət məhkəməsi qarşısında cavab verən və ağır cinayətlərdə ittiham olunan ermənilərin bir qisminin Ermənistana geri qaytarılması ehtimalına dair məlumatlar yayılıb. Bunun nə dərəcədə real ola biləcəyi birmənalı qarşılanmır.

“Azərbaycan Prezidenti siyahıda olan insanları əfv edə bilər”

Politoloq Natiq Miri hafta.az-a bildirib ki, azadlığı istənilən şəxslər əmrə tabe olan əsgərlərdir və beş ilə yaxındır ki, cəzalarını çəkirlər.

Politoloq hesab edir ki, həmin əsgərləri separatçı rejimin qulluqçuları və “Öldür” əmrini verənlərlə qarışdırmaq olmaz:

“44 günlük Vətən müharibəsi və 10 Noyabr bəyanatından sonra bir növ atəşkəs təmin olundu. Yalnız bu hadisədən sonra Azərbaycana göndərilən, ifşa olunan və əsir götürülən hər bir şəxs əsgərdir və onlar hazırkı vəziyyətdə Azərbaycanda cəzalarını çəkirlər. Ona görə də bu insanların azad edilməsi istisna etmək olmaz. Eləcə də hər bir fərman Azərbaycan Prezidentinin səlahiyyətinə aiddir”.

N.Miri qeyd edir ki, avqustun 8-dən sonra regionda Azərbaycan və Ermənistan arasında sülh mühiti yaranıb:

“Azərbaycan Prezidentinin də açıqladığı kimi, sülh mühitinin olduğu bir yerdə qarşılıqlı etimad da vacibdir ki, perspektivdə bütün nəqliyyat və kommunikasiyaların açılması, əməkdaşlıq, ticarət və diplomatik münasibətlərin tənzimlənməsi kimi ciddi hadisələr yaşansın. Hesab edirəm ki, bu vəziyyət qarşılıqlı etimad üzərində qurulmalıdır. Bu kontekstdə Azərbaycan Prezidenti siyahıda olan insanları əfv edə bilər. Mən burada Azərbaycanın zəifliyinə işarə kimi bir addım görmürəm. Əksinə, əgər bu insanlar əfv olunarsa, bu Azərbaycan Prezidentinin və dövlətinin böyüklüyünü göstərər, çünki bu, ilk hadisə deyil. Əvvəllər Azərbaycana qarşı döyüşmüş əsgərlərin əfv olunması, bağışlanması və Ermənistan tərəfinə təhvil verilməsi halları olub”.

Politoloq bildirir ki, onların əfv edilməsi 8 Avqust razılaşmasının nəticəsi olaraq, Azərbaycan tərəfindən atıla biləcək doğru bir addım ola bilər:

“8 avqustda Azərbaycan Prezidenti ilə sənəd imzalayan dövlət adamı Ermənistanın Baş naziri Nikol Paşinyandır. Əvvəlki dövlət başçılarından fərqli olaraq, Nikol Paşinyan bu gün bir çox həqiqətləri anlayıb və etiraf edib. Son günlər forumlardakı çıxışları da bunu açıq şəkildə göstərir. Belə bir vəziyyətdə perspektivdə Nikol Paşinyanın davamlı rəhbərliyi Azərbaycan üçün geosiyasi maraqlara xidmət edərdi. Buna görə də bir neçə erməni əsgərinin bağışlanması, azad edilməsi həm də Nikol Paşinyanın ictimai mövqeyini gücləndirər. Onu ittiham edən revanşist qüvvələr, əslində, erməni əsgərlərini deyil, onları narahat edən Qarabağ klanının üzvləri və cinayətkar ünsürlərdir. Onlar illərlə Azərbaycan xalqına zülm verib, minlərlə insanımızı qətlə yetiriblər və hələ də minlərlə insanımızın cənazəsini geri qaytara bilmirik. Buna görə də əsgərlərlə separat rejimin rəhbərlərini eyni tərəziyə qoymaq doğru deyil. Onların məhkəməsi keçirilməli və layiqli cəzalarını almalıdırlar ki, hər kəs bilsin: cinayət varsa, cəza da olmalıdır. Azərbaycan xalqına qarşı cinayət törədənlər bundan sonra ən azı iki dəfə düşünməlidirlər. Nikol Paşinyanı bu yöndə ittiham edənlərin arqumentlərini nəzərə alsaq, siyahıdakı əsgərlərin azad edilməsi mümkündür. Mən burada dəhşətli bir hadisə görmürəm. Siyasi perspektiv baxımından bu, Azərbaycan dövlətinin maraqlarına xidmət edən bir addım ola bilər. Əminəm ki, lazım gəlsə, siyahıdakı insanlar azad ediləcək və bu, doğru addım olacaq”.

“Onların Ermənistana təhvil verilməsi qeyri mümkündür”

Politoloq Qulamhüseyn Əlibəyli hafta.az-a bildirib ki, Azərbaycanda məhkum olunmuş ermənıkökənli şəxslərin Ermənistana təhvil verilməsi hüquqi cəhətdən mümkündür.

Onun sözlərinə görə, bu, iki yolla baş verə bilər. Birinci yol həmin şəxslərin Prezident tərəfindən əfv olunaraq Ermənistana qaytarılması, ikinci yol cəzalarının çəkilməmiş hissəsini Ermənistanda çəkmək üçün təhvil verilməsidir:

Politoloq qeyd edir ki, məhkum olunmuş şəxslərin vətəndaşı olduğu dövlətə təhvil verilməsi dövlətlər arasında bağlanmış ikitərəfli saziş və ya beynəlxalq müqavilələrlə nizamlanır:

“Azərbaycanla Ermənistan arasında ikitərəfli saziş yoxdur. Müvafiq Avropa Konvensiyası var və həm Azərbaycan, həm də Ermənistan həmin Konvensiyaya qoşulub. Həmin Konvensiyaya görə məhkum olunmuş şəxslər cəzalarını çəkmək üçün vətəndaşı olduğu dövlətə diplomatik danışıqlar vasitəsilə və müəyyən olunmuş prosedurlardan keçməklə təhvil verilə bilər. Yəni Azərbaycan tərəfi ölkəmizdə cinayət törətdiyinə  görə məhkum olunmuş erməni kökənli şəxslərə həmin Avropa Konvensiyasına uyğun olaraq Ermənistana təhvil verə bilər”.

Q.Əlibəyli hesab edir ki, Qarabağda separatçılara rəhbərlik etmiş və hazırda mühakimə olunan şəxslərin heç birinin adının çəkilməməsi, ilk növbədə, onunla əlaqədardır ki, həmin şəxslərin mühakimə olunması prosesi başa çatmayıb və istinad olunan Avropa Konvensiyasına görə, onların Ermənistana təhvil verilməsi qeyri-mümkündür:

“Digər tərəfdən, Ermənistanda da yaxşı başa düşürlər ki, Azərbaycan həmin şəxslərin mühakiməsini dayandırıb onları təhvil verməz. Bundan başqa, həmin şəxslər insanlıqəleyhinə  və müharibə cinayətlərində ittiham olunurlar ki, bu da onların Ermənistana təhvil verilməsini istisna edir. Məsələnin siyasi tərəfi də ola bilər. Görünür, Ermənistan hakimiyyəti Qarabağda separatçılara rəhbərlik etmiş şəxslərdən yaxa qurtarmağa çalışır”.

Q.Əlibəyli belə hesab edir ki, adları çəkilən şəxslər 44 günlük müharibədən dərhal sonra təxribatlar törətmək üçün Azərbaycana gələn şəxslərdir:

“Bir neçə il əvvəl həmin şəxslərin bir hissəsi məhkum olunduqdan sonra Rusiyanın vasitəçiliyi ilə Ermənistana təhvil verilib. Yəni Azərbaycanda məhkum olunmuş erməniəsilli şəxslərin Ermənistana təhvil verilməsi praktikası da mövcuddur”.

Chosen
24
hafta.az

1Sources