EN

Baş prokuror Özbəkistanda səfərdədir

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 24-də Özbəkistana rəsmi səfərə gəlib. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlcə Özbəkistan Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib. Görüşdə ölkəmizin nümayəndə heyətini salamlayan Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldaşev dövlətlərimiz arasında bütün sahələrdə daim inkişaf edən tərəfdaşlıq münasibətlərindən, o cümlədən prokurorluq orqanları arasında olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib. O, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyini qeyd edərək, iki dövlətin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını bildirərək, təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Özbəkistan - Azərbaycan münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də inkişaf etdirildiyini, hər iki dövlət başçısının siyasi iradələrinin təzahüri kimi 2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”dən sonra reallaşan strateji layihələrin ölkələrimizi daha da yaxınlaşdıracağını, xalqlarımızın rifahına xidmət göstərəcəyini qeyd edib.

Baş prokuror, həmçinin 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra Özbəkistan dövləti tərəfindən Qarabağda aparılan geniş quruculuq bərpa işlərinə göstərilmiş dəstəyi xüsusi vurğulayaraq, 2023-cü il avqustun 23-də inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışını, hər iki dövlət başçısının iştirakları ilə cari il iyulun 2-də Bakı şəhərində Özbəkistan səfirliyinin yeni binasının açılışını və həmin tarixdə dövlət başçıları tərəfindən “Özbəkistan” parkının təməlinin qoyulmasını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilməklə gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində Baş prokurorlar tərəfindən mövcud sahəvi əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Özbəkistan Respublikasının Baş Prokurorluğu arasında 2026-2027-ci illər üçün nəzərdə tutulmuş Əməkdaşlıq Proqramı” imzalanıb.

Proqramda tərəflərin “Cinayət yolu əldə edilmiş aktivlərinin xaricdən qaytarılması mexanizmləri” mövzusunda seminarda, prokurorluq orqanlarının kadr hazırlığı və ixtisasartırılması üzrə Özbəkistanın Hüquq-mühafizə Akademiyasının illik konfransında iştirakları, həmçinin “Prokurorun işlərə məhkəmələrdə baxılmasında iştirakı” mövzusunda seminarın və “Prokurorluq orqanlarının fəaliyyətinin rəqəmsallaşdırılması” mövzusunda dəyirmi masanın təşkili nəzərdə tutulub.

Bundan başqa, Baş prokuror Kamran Əliyev sentyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Baş Prokurorları Şurasının 4-cü iclasında iştirak edib.

Baş prokuror çıxışında mühüm tədbirin təşkilinə görə Özbəkistanın Baş prokuroru Niqmatulla Yuldaşevə dərin minnətdarlığımı bildirib, Azərbaycanda ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi rəqəmsallaşma və elektron idarəetmənin inkişafı olduğunu vurğulayaraq, Azərbaycan Prokurorluğunun fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini işıqlandırıb.

Chosen
18
21
sia.az

10Sources