EN

Hakim vəkilin vəsatətini oxumasına imkan verməyib

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Bakı Ağır Cinayətlər Məhkəməsində Telman Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının məhkəmə prosesi keçirlib.

Gununsesi.info-nun xəbərinə görə, prosesdə çıxış edən siyasətçinin vəkili Rövşanə Rəhimova iş üzrə zərərçəkmiş kimi tanınan Qurbanəli Yusifovun istintaqdakı ifadəsinin  sübutlar siyahısından çıxarılması barədə  vəsatət qaldırıb.

Cinayət işində iddia olunur ki, A.Qasımlı “Binance” kriptovalyuta birjasında gəlirlərinin azalmasında tanışı Q.Yusifovu günahlandırıb, ziyanı ondan tələb edib. Ardınca hədə-qorxu gəlməklə 45 min dollar borclu olması barədə ona etiraf qəbzi imzalatdırıb, oğlunu oğurlatdırmaqla, atasını öldürməklə hədələyib və s.

Vəkil R.Rəhimova bildirib ki, dindirmə tam bitməmiş, müdafiə tərəfinin sualları cavablandırılmamış onun ifadəsinin elan olunması qanunazidd idi. Bu üzdən, həmin ifadə artıq sübut kimi qüvvəsini itirir.

Mübahisənin səbəbi

Sentyabrın 24-dəki məhkəmədə vəkil bu vəsatəti qaldıranda müdafiə tərəfi ilə hakim arasında mübahisə yaşanıb. Hakim T.Hüseynov vəsatətin səsləndirilməsinə və müzakirəsinə icazə vermək istəyib. Mübahisə də bundan irəli gəlib.

Ardından Q.Yusifov sualları cavablandırıb. Onun iddiasına görə, A.Qasımlının təhdidləri üzündən Azərbaycandan getməyə məcbur olsa da, hədə-qorxular hələ də bitməyib. İfadələrindən birində deyib ki, Türkiyənin Antalya şəhərində olarkən, telefonla zəng edən şəxslər onu hədələyib. Başqa bir ifadəsində Bakıda olarkən, A.Qasımlının tapşırığıyla mafiya tərəfindən hədələndiyini iddia edib. İstintaqda dindirilən qohumu isə Q.Yusifovun İstanbulda olarkən telefon zəngi vasitəsiylə təhdid edildiyini söyləyib. Vəkillər də aydınlaşdırmağa çalışıblar ki, bunların hansı düzdür və o, konkret harada təhdid edilib? Ancaq bu suala yenə də dəqiq cavab verilməyib.

“Sən deyirsən ki, mənim təhdidlərimə görə ölkədən ayaqyalın qaçmısan. Guya oğlunu oğurlamaqla, atanı öldürməklə hədələmişəm. Amma gedəndən heç iki ay keçməmiş Türkiyədə diskotekadan şəkillərini paylaşmısan. Ailə üzvlərini – oğlunu, atanı burada təhlükə altında qoyub, özün orada əylənirdin?”, – politoloq A.Qasımlı ondan soruşub və sosial şəbəkələrdən götürülmüş fotoları da göstərib.

Q.Yusifov suala belə cavablayıb: “Burada nə var ki?! İki aya pul qazanıb, diskotekaya getmişəm…”.

Zərərçəkmiş istintaqdakı ifadəsində iddia edib ki, A.Qasımlı onun ailəsini dağıdıb. Təqsirləndirilən politoloq ondan soruşub ki, bu fikri səsləndirməklə nə demək istəyir.

“Tez-tez zəng edirdi, bu da evdə narahatlıq yaradırdı”, – zərərçəkmişin cavabı belə olub.

Q.Yusifov Daxili İşlər Nazirliyinə məktubunda göstərib ki, A.Qasımlı onu dövlət və dövlətçilik əleyhinə yönəldib. Bu istiqamətdə istədiyinə nail olmayanda isə pul tələbiylə hədələməyə başlayıb.

Ötən məhkəmə iclasında vəkil də zərərçəkmişə bu haqda yazdıqlarını xatırlatmışdı. Bu dəfə A.Qasımlının özü Q.Yusifovdan yazdıqlarının doğru olub-olmadığını soruşub. Ancaq hakim sualın cavablandırılmasına imkan verməyərək deyib ki, bu, sənədlərin tədqiqi mərhələsində aydınlaşdırılmalı məsələdir.

Politoloq A.Qasımlının məhkəməsi oktyabrın 1-də davam edəcək.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
icma.az

1Sources