Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, məzuniyyət hüququ, o cümlədən ödənişsiz məzuniyyət işçilərin əsas hüquqlarından biridir. Məcəllənin 9-cu maddəsinin “x” bəndinə əsasən, işçilərin hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüququ vardır. Bəs ödənişsiz məzuniyyət kimlərə və hansı şərtlərlə verilə bilər? İşəgötürən bundan imtina edə bilərmi?Mövzu ilə bağlı “vergiler.az”ın suallarına insan resursları üzrə ekspert Ramin Hacıyev aydınlıq gətirir.Ödənişsiz məzuniyyət hüququ necə tənzimlənir?Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.Məcəllənin 129-cu maddəsində isə göstərilib ki, ödənişsiz məzuniyyətin 2 növü var:– işçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyət;– tərəflərin qarşılıqlı razılığı ilə verilən ödənişsiz məzuniyyət.İşçilərin xahişi ilə aşağıdakı hallarda və müddətə ödənişsiz məzuniyyət verilir:– həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə – uşaq dörd yaşına çatanadək;– arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək;– 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara – 14 təqvim gününədək;– orqanizmin funksiyalarının pozulması faizindən və səbəbindən asılı olmayaraq əlilliyi olan işçilərə – bir təqvim ayınadək;– Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə – 14 təqvim gününədək;– insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin əlilliyi olan uşağı olan valideynlərə – 14 təqvim gününədək;– doktoranturada (adyunkturada) təhsil alan işçilərə – 1 təqvim ayınadək;– ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə – 14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə – 7 təqvim günü;– ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə – 14 təqvim gününədək;– ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — tibb müəssisəsinin rəyi ilə 14 təqvim gününədək;– əlilliyi olan uşaqları olan işçilərə – 14 təqvim gününədək;– ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək.Yuxarıda qeyd olunan hallarda işçi ödənişsiz məzuniyyətdən istifadə etmək üçün işəgötürənə müraciət etdikdə, işəgötürən işçinin məzuniyyətə buraxılmasını təmin etməlidir. Müvafiq hallarda tələb olunan sənədlərin təqdim edilməsi da şərtdir.Ödənişsiz məzuniyyətlərin digər növü isə tərəflərin qarşılıqlı razılığı ilə verilən ödənişsiz məzuniyyətdir. Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.Maddənin tələbindən də göründüyü kimi, əgər tərəflərin hər ikisinin razılığı olarsa, məzuniyyətdən istifadə edilə bilər. Əmək Məcəlləsinin 129-cu maddəsi üzrə tələblərdən biri də ödənişsiz məzuniyyətin müddətinin 6 aydan çox olmayaraq verilməsilə ilə bağlıdır. İşəgötürən razı olsa belə, tərəflərin qarşılıqlı razılığı ilə verilən ödənişsiz məzuniyyətin müddəti 6 aydan çox müddətə verilə bilməz.Misal: İşçi işəgötürənin razılığı ilə 3 aylıq ödənişsiz məzuniyyətdən istifadə edir. Məzuniyyətdən sonra 1 ay işləyib, yenidən 4 aylıq ödənişsiz məzuniyyətdən istifadə edə bilər.Digər hal isə ondan ibarətdir ki, istər tərəflərin qarşılıqlı razılığı ilə verilən ödənişsiz məzuniyyət, istərsə də işçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyət hüququndan işçi əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan istifadə edə bilər.İşəgötürən müəssisədə işin dayandırılması ilə əlaqədar işçiləri qrup halında ödənişli və ya ödənişsiz məzuniyyətə də buraxa bilər. Bir şərtlə ki, işin normal ahəngini pozan amillər – təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olsun və işçilərlə bağlanmış kollektiv müqavilədə, belə müqavilələr bağlanmadığı hallarda isə əmək müqavilələrində şərtlər və qaydalar müəyyən edilmiş olsun.Ödənişsiz məzuniyyətlərin rəsmiləşdirilməsi qaydasıƏmək Məcəlləsinin 138-ci maddəsinin tələbinə əsasən, bütün növ məzuniyyətlər işçinin ərizəsinə əsasən işəgötürənin əmri (sərəcamı, qərarı) ilə rəsmiləşdirilir. Maddənin tələbindən göründüyü kimi, bütün növ məzuniyyətlərin, o cümlədən ödənişsiz məzuniyyətin də rəsmiləşdirilməsi üçün işçinin ərizəsi əsasında əmr (sərəncam, qərar) verilməlidir.Əmək Məcəlləsinin 132-ci maddəsinə əsasən, ödənişsiz məzuniyyət dövrü əmək məzuniyyəti hüququ verən staj hesablanarkən nəzərə alınmayan dövrə aiddir. Əgər işçi bir iş ili ərzində 2 ay müddətində ödənişsiz məzuniyyətdə olarsa, iş ilinin sonunda ona məzuniyyət verildikdə ödənişsiz məzuniyyətdə olduğu dövr nəzərə alınmayacaq.Həmin maddədə məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan dövrlər aşağıdakı kimidir:– işçinin faktiki işlədiyi vaxt;– iş yerinin və Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda əməkhaqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr;– qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü;– əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;– təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr.İşçinin qismən ödənişli və ya ödənişsiz məzuniyyətdə olduğu dövr məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınmayan dövr hesab edilir. Doğrudur, Əmək Məcəlləsinin 132-ci maddəsində birbaşa ödənişsiz məzuniyyət dövrünün məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınmayan dövr kimi qeyd olunmasa da, lakin nəzərə alsaq ki, ödənişsiz məzuniyyət dövründə işçinin orta əməkhaqqı saxlanılmır və faktiki olaraq işləmir, qeyd edə bilərik ki, ödənişsiz məzuniyyət dövrü də məzuniyyət hüququ yaratmayan əmək stajına aiddir.Onu da vurğulayaq ki, İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən, işçilərin məzuniyyət hüquqlarının pozulmasına görə, vəzifəli şəxslər 1.500 manatdan 2.000 manatadək məbləğdə cərimə edilir.