EN

Ceyhun Bayramov Nyu-Yorkda qeyri-rəsmi iclasında iştirak etdi

Sentyabrın 25-də Nyu-York şəhərində BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.

Publika.az xəbər verir ki, iclas zamanı AQEM Üzv Dövlətlərinin xarici işlər nazirləri və digər yüksək səviyyəli nümayəndələri tərəfindən 2024-cü ilin dekabrından etibarən Azərbaycanın AQEM-də Sədrliyi dövründə əldə olunmuş tərəqqi müzakirə olunub, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AQEM Nazirlər Şurasının sədri qismində açılış nitqi ilə çıxış edərək Sədrliyin müxtəlif sahələr, o cümlədən bağlantılar, rəqəmsallaşma və dayanıqlılıq istiqamətləri üzrə müəyyən olunmuş strateji prioritetlərini vurğulayıb.

Nazir çıxışında AQEM-in institusional inkişafı və onun tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi istiqamətində göstərilən səylər və əldə olunan tərəqqi barədə məlumat verib.

Bu çərçivədə, AQEM üzv dövlətlərinin ali təhsil müəssisələri arasında innovativ əməkdaşlıq platforması olan AQEM Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin fəaliyyətə başlaması, AQEM Biznes Şurası və Biznes Forumunun, habelə 13-cü AQEM Beyin Mərkəzləri Forumunun Azərbaycanda uğurla təşkil edilməsi vurğulanıb.

Nazir həmçinin Azərbaycanın əsas təşəbbüslərinin, o cümlədən AQEM Qadınlar Şurasının yaradılması kimi flaqman təşəbbüsün və AQEM Maliyyə Sammitinin təsis olunması istiqamətində əldə olunmuş irəliləyişin əhəmiyyətinə diqqət çəkib. Sözügedən yeni məsləhətçi orqanların yaradılmasının üzv dövlətlər arasında tematik əməkdaşlığı gücləndirəcəyi bildirilib.

AQEM Baş katibi və AQEM-ə üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri bəyanatlarla çıxış ediblər. Natiqlər Azərbaycan Sədrliyinin nümunəvi liderliyini, baxışını və AQEM-i gücləndirməyə sadiqliyini yüksək qiymətləndiriblər.

Chosen
1
23
publika.az

10Sources