EN

Qərbi Azərbaycan Xronikası: "Güclü Azərbaycan qayıdış daxil olmaqla, bütün hədəflərinə nail olacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Azərbaycanlılar artıq İrəvana taksi ilə gələcəklər" adlı süjetdə Ermənistanın baş naziri Nikol Paşinyanın hakim "Mülki müqavilə" Partiyasının qurultayında çıxışı zamanı ölkədə "dördüncü respublika"nı elan etməsindən bəhs olunur.
Bildirilir ki, Ermənistanda respublikanı nömrələmək ənənəsi var: "Ermənilər 1918-1920-ci illəri "birinci respublika", SSRİ dövrünü "ikinci respublika", 1991-ci ildən sonrakı dövrü isə "üçüncü respublika" hesab edirlər. "Dördüncü respublika" sülhə əsaslanan yeni dövrün başlanğıcıdır. "Mülki müqavilə" Partiyası "dördüncü respublikanın" elan edilməsi ilə bağlı qəbul olunan bəyannamədə diqqətçəkən əsas məqam "dördüncü respublika"nın Azərbaycanla münasibətlər üzərində qurulmasıdır".
Qeyd olunur ki, Ermənistan hakimiyyəti Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu mövcud Konstitusiyanı dəyişdirmək niyyətindədir. Bu halda Azərbaycanın rəsmi şəkildə elan etdiyi əsas tələbi qəbul ediləcək və yekun sülh sazişinin imzalanmasının yolu açılacaq. Həll edilməli əsas məsələlərdən biri də Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışının təmin edilməsidir.
Diqqətə çatdırılır ki, bu kontekstdə erməni müxalifəti "dördüncü respublika"nı Ermənistan üçün "sonun başlanğıcı" kimi qiymətləndirir.
Erməni politoloq Beniamin Matevosyan, "Ermənistan" fraksiyasından olan deputat Artur Xaçatryan, Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan iddia edirlər ki, N.Paşinyan 2026-cı il seçkilərində qalib gələrsə, Bakı və Ankaranın istəkləri çərçivəsində konkret addımlar atacaq. Ermənistan KTMT-dən çıxacaq, 102-ci hərbi baza ləğv ediləcək və s. "Dördüncü respublika" adı altında Azərbaycan və Türkiyənin vassalı olan Ermənistan qurulur. Paşinyan və komandası "dördüncü respublika" ideyası altında Ermənistanı zəiflətməklə məşğuldur.
Sonda vurğulanır ki, Azərbaycan faktorunun hazırda Ermənistan siyasətini dizayn etdiyi müşahidə edilir: "Bu, ölkəmizin regional gücünü bir daha ortaya çıxarır. Güclü Azərbaycan qayıdış daxil olmaqla, bütün hədəflərinə nail olacaq".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Chosen
14
21
oxu.az

10Sources