Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə görüş keçirilib. Ərdoğan Trampla görüşündən sonra Ağ Evi tərk edib.
Prezidentlər görüşdən əvvəl Oval Ofisdə mətbuatın suallarını cavablandırıb. Ərdoğanın çoxdankı dostu olduğunu bildirən Tramp, “O (Ərdoğan) çox hörmətli, öz ölkəsində, bütün Avropada və dünyada çox hörmətli bir insandır” deyib.
Türkiyənin “möhtəşəm bir ordu qurduğunu” qeyd edən Tramp, müzakirə olunacaq vacib məsələlərin olduğunu bildirib: “Türkiyə ilə ticarətimiz var və bunu davam etdirəcəyik, hətta əlavə ticarət əməliyyatları da aparacağıq. Türkiyə F-16, F-35 və digər başqa şeylər almaq istəyir, bunu müzakirə edəcəyik".
Türkiyə-Amerika münasibətlərində əsas mövzuları müzakirə edəcəklərini bildirən Tramp, Ərdoğanla bağlı "O, çətin və inadkar bir insandır” deyib: “Mən adətən inadkar insanları sevmirəm, amma onu həmişə bəyənmişəm. O, sərt adamdır və ölkəsində çox gözəl işlər görür. Həm müharibə, həm də ticarətlə bağlı çox böyük əlaqələrimiz var və bu gün hər ikisini müzakirə edəcəyik”.
BMT Baş Assambleyası çərçivəsində Qəzza ilə bağlı prezident Ərdoğan və digər liderlərlə çox yaxşı görüş keçirdiyini qeyd edən Tramp, razılaşma əldə etməyə yaxın olduqlarını bildirib. Tramp Qəzzada böhranın sona çatması və bütün girovların azad edilməsi arzusunu da vurğulayıb. Səudiyyə Ərəbistanı, Qətər və bir sıra digər region ölkələri ilə yanaşı, Türkiyə ilə də mühüm görüşlər keçirdiklərini bildirən Tramp, İsraillə daha sonra görüşərək Qəzza məsələsində konkret qərarın əldə olunmasına ümid etdiyini bildirib.
Ərdoğanın tələbi ilə Suriyaya qarşı sanksiyaları ləğv etdiyini bildirən Tramp, Suriyadakı qələbəni Türkiyənin qələbəsi adlandırıb: "2000 ildir ki, bunu etməyə çalışırlar. O (Ərdoğan) bunu etdi. Yəni, sizin nümayəndələriniz bunu etdi. Məncə, bunun təriflərini siz almalısınız. Suriya nəfəs alması üçün sanksiyaları götürdüm, çünki onlar çox sərt idi. Ərdoğan qələbədən məsul idi. Bu, Türkiyənin qələbəsi idi. Ərdoğan buna görə çox məsuliyyət daşıyır, buna görə, Suriya ilə bağlı deyiləcək çox sözlər var. Ərdoğanın xahişi, Səudiyyə Ərəbistanı kralının istəyi ilə sanksiyaları ləğv etdim. Onlar nəfəs almaları üçün, bir şans vermək üçün bu sanksiyaları ləğv etdim”.
Tramp əvvəlki ABŞ administrasiyalarının Türkiyəyə “Patriot” raketlərini satmaqdan imtina etməsi və və F-35-lərə ilə bağlı suala isə belə cavab verib: "Bunu müzakirə edəcəyik. F-35-ləri də müzakirə edəcəyik. Onların F-35-ləri istədiyini bilirəm və biz bunu çox ciddi qəbul edirik. Onların konkret ehtiyacları var, bizim də konkret ehtiyaclarımız var. Bir nəticəyə gələcəyik, günün sonunda bunu siz də açıqlayacağıq".
ABŞ prezidenti Azərbaycan və Ermənistan arasında sülh prosesinə öz töhfələrini və Türkiyənin rolunu xatırladaraq, Ərdoğanın bölgədə inanılmaz təsiri olduğunu deyib.
Ərdoğan isə həm Trampın birinci, həm də ikinci dövründə Türkiyə-Amerika münasibətlərində fərqli bir dönəmdən keçdiklərini deyib: F-35 məsələsini, eləcə də Halkbankla əlaqələrimizi ətraflı müzakirə edəcəyimizə inanıram”.
Türkiyəli jurnalistin Ərdoğanın Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskini bir araya gətirmək səyləri ilə bağlı sualına isə ABŞ prezidenti belə cavab verib: "Prezident Ərdoğana hər iki tərəfindən çox hörmət edilir. Hamı Ərdoğana hörmət edir. Mən də edirəm.
Məncə, o, istəsə təsir edə bilərdi, amma hazırda o, çox neytraldır, neytral olmağı sevir, mən də sevirəm... Əgər işə qarışmaq istəyirsə, edə biləcəyi ən yaxşı şey Rusiyadan neft və qaz almamaqdır”.
TAHİR