EN

Həkim kontakt linzalarda yatmağın iki əsas təhlükəsini açıqladı

Oftalmoloq Angelina Kazantseva xəbərdarlıq edir ki, kontakt linzalarda yatmaq gözə oksigen tədarükünü azaldır və bu, buynuzlu qişa hüceyrələrini zəiflədə bilər.

E-saglam.az xəbər verir ki, belə bir vərdiş bakteriyaların çoxalması üçün ideal şərait yaradır.

Həkim bildirir ki, göz sağlamlığını qorumaq üçün üç əsas şərt var: oksigen, nəm və təmizlik.

"Yuxuda göz qapaqlarını bağladığınızda, gözə oksigenin çıxışı artıq azalır. Əgər gözdə linza qalarsa, linza 'möhürlənmiş plastik torbaya' çevrilir. Hipoksiya (oksigen aclığı) şəraitində buynuz qişası hüceyrələri zəifləyir, ən kiçik infeksiyalara qarşı həssaslaşır və hətta ölməyə başlaya bilər", – deyə Kazantseva qeyd edib.

Həkim əlavə edir ki, gün ərzində linzanın səthinə toz, bakteriya və mikroorqanizmlər yapışır. Gecələr, isti və qapalı şəraitdə göz qapaqları altında, bu mikroorqanizmlər aktiv şəkildə çoxalmağa başlayır.

Ən təhlükəli nəticə isə akanthamoeba keratitidir. Bu, hətta kran suyunda da yaşayan mikroskopik amiplərin səbəb olduğu ciddi infeksiyadır. Müalicəsi uzun və çətindir, bəzi hallarda buynuz qişasının transplantasiyası tələb olunur və görmə qabiliyyətinin geri dönməz azalması ilə nəticələnə bilər.

Bundan əlavə, linzalarda yatmaq marjinal keratitə də səbəb ola bilər – bu, linza altında göz yaşı mübadiləsinin pozulması və bu sahədəki çöküntülərin iltihaba reaksiya verməsi nəticəsində yaranır.

"Xroniki hipoksiya buynuz qişasında damarların çıxmasına (neovaskulyarizasiya) səbəb ola bilər. Bu baş verərsə, linzaların daha uzun müddət istifadə olunması və lazer görmə korreksiyası qeyri-mümkün olacaq", – ekspert xəbərdarlıq edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
11
e-saglam.az

1Sources