EN

Zelenskidən çağırış: Dünya birgə hərəkət etməlidir...

ABŞ və Aİ ortaq mövqedən çıxış edəcək?

Zelenski beynəlxalq ictimaiyyəti Rusiyanı dayandırmağa çağırıb. Belə ki, Ukraynanın dövlət rəhbəri BMT Baş Assambleyasının 80-ci sessiyasının iclasında çıxışı zamanı bildirib ki, Rusiyanın geri çəkilməsi üçün birgə hərəkət nümayiş etdirilməlidir. “Rusiya Prezidenti Vladimir Putini və onun Ukraynaya, eləcə də digər ölkələrə qarşı aqressiyasını dayandırmaq indi daha ucuz başa gələr. Rusiyanı sülhə məcbur etmək üçün dünya birgə hərəkət etməlidir,” - deyə Zelenski vurğulayıb ki, müharibəni və silahlanma yarışını dayandırmaq, yeraltı uşaq bağçaları və ya kritik infrastrukturu gizlətmək üçün nəhəng bunkerlər tikməkdən daha az xərc tələb edir. “Putini indi dayandırmaq, hər limanı və hər gəmini terrorçulardan və dəniz dronlarından qorumağa çalışmaqdan ucuzdur. Biz təcavüzkarı dayandırmaq üçün birgə və fərqli şəkildə hərəkət etməliyik. O zaman silahlanma yarışının bizə fəlakət gətirməməsi üçün şansımız olacaq”, - deyə Zelenski qeyd edib.  Zelenski, həmçinin bildirib ki, silah və Rusiyaya qarşı təzyiq lazımdırsa, bunu indi etmək lazımdır, əks halda Putin müharibəni genişləndirərək uzadacaq. Eyni zamanda Zelenski Ukraynanın dostlarını Ukraynanın yanında olmağa çağırıb:  “Dost və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur. Heç bir ukraynalı belə reallığı seçməmişdi. Ukraynalılar sülhsevər insanlardır, amma onlar yaşamaq istəyirlər. Azad, özlərinin müstəqil ölkələrində yaşamaq istəyirlər. Lakin qanlı münaqişə zamanı heç bir beynəlxalq institut Ukrayna xalqını dayandıra bilməz”.  Xüsusi bir məqamı da qeyd etmək lazımdır ki, Ukraynanın Rusiyaya qarşı beynəlxalq birliyə çağırışları əsnasında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində Rusiyanın xarici işlər naziri Serqey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio arasında ikitərəfli görüş keçirilib. Rusiya XİN-nin məlumatına görə, görüşdə Lavrov və Rubio Ukrayna böhranının həll yolları, o cümlədən ikitərəfli münasibətlərin və ictimai-siyasi təmasların bərpası ilə bağlı məsələləri müzakirə ediblər.

Həm Moskva, həm də Kiyev öz şərtlərində israrlıdır

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, mövcud vəziyyət müharibənin bitməsinə imkan vermir. “Ukraynada müharibənin dayandırılması və atəşkəsin təmin olunmasının beynəlxalq hüquqda yeganə təsbiti Ukraynanın ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığının təmin edilməsindən keçir. Bu, beynəlxalq hüququn tələbidir. Amma buna baxmayaraq, mövcud reallıq tam başqadır, xüsusilə Trampın Ağ Evə qayıtmasından sonra Ukrayna münaqişəsinin həllinə yönələn danışıqlar ətrafında baş verən proseslər onu göstərir ki, hər iki münaqişə tərəfi arasında müharibə hələ uzun müddət davam edəcək. Çünki hər iki tərəfin öz şərtləri var və hər iki tərəf öz şərtlərindən geri çəkilmək niyyətində deyil. Bu məsələdə yalnız iki yol görünür: ya ortaq mövqe tapılacaq, ya da müharibələr davam edəcək. Xüsusilə də, Ukraynadakı müharibə Şərqi Avropaya doğru genişlənmək ehtimalı var. Bu yaxınlarda Rusiya qırıcılarının və dronlarının Polşa və Estoniyanın hava məkanına müdaxiləsi bunu deməyə əsas verir. Ümumiyyətlə, müharibənin dayanması üçün həm Rusiya, həm də Ukrayna güzəştlərə getməlidir,” - deyə A.Nərimanlı bildirib ki, Ukrayna cənub-şərq ərazilərinin Rusiyanın de-fakto nəzarəti altında qalmasına razı ola bilər: “Hazırki vəziyyətdə Kiyev atəşkəsin əldə olunmasını və münaqişənin dondurulmasını istəyir. Ukraynanın məqsədi budur ki, Qərbdən təhlükəsizlik təminatları alsın və müəyyən müddət ərzində yenidən silahlanmaqla və güc toplamaqla Rusiyanın nəzarəti altında olan ərazilərini geri qaytarmağa hazırlaşsın. Kiyev, hətta təmas xətti boyunca Avropa ölkələrinin hərbçilərindən ibarət kontigentin yerləşdirilməsində də maraqlıdır”. Rusiyanın şərtlərinə gəlincə, ekspert vurğulayıb ki, Moskva Ukrayna ilə rəsmi müqavilənin imzalanmasının tərəfdarıdır; “Kremlin istəyi budur ki, bu müqavilədə Ukraynanın bütün cənub-şərq əraziləri Rusiyanın qanuni ərazisi kimi tanınsın, Ukrayna neytral mövqedə olsun və Qərb Moskva qarşısında öhdəliklər götürsün. Eyni zamanda Rusiyanın avropalı hərbçilərin daxil olduğu kontigentin təmas xəttinə yaxın ərazilərdə yerləşdirilməsinə münasibəti birmənalı deyil - Moskva bunu özünün təhlükəsizliyinə təhdid kimi görür”.

Rusiya hansı halda öz tələblərindən geri çəkilə bilər?

“Bayden administrasiyası dövründə ABŞ və Avropa İttifaqı Ukrayna məsələsində ortaq mövqedən çıxış edirdilər. Amma bu mövqe Rusiyanı geri çəkilməyə məcbur edə bilmədi. Bunun da iki əsas səbəbi var; birincisi, nüvə müharibəsi təhlükəsi, ikincisi isə NATO-nun Rusiya ilə birbaşa hərbi münaqişəyə cəlb olunmağa ehtiyat etməsidir. NATO müharibənin Ukraynanın ərazisi daxilində məhdudlaşmasına çalışdı - bu da faktiki olaraq, Ukraynanı poliqona çevirdi. Qərb Ukraynanı rus ordusuna qarşı döyüşmək üçün silah-sursatla təmin etsə də, özü Rusiya ilə birbaşa münaqişəyə cəlb olunmaqdan çəkindi. Trampın Ağ Evə qayıdışından sonra da anoloji vəziyyət yaşanır.  Əgər Tramp administrasiyası NATO-dakı avropalı müttəfiqlər ilə bərabər birgə addımlar atarsa, yəni ABŞ və Aİ daha sərt ortaq mövqedən çıxış edərlərsə, Rusiyanı öz ağır şərtlərindən və tələblərindən geri çəkilməyə məcbur etmək mümkün ola bilər,” - deyə A.Nərimanlı vurğulayıb.

Yunis ABDULLAYEV

Chosen
19
1
yeniazerbaycan.com

2Sources