EN

“Raytheon” “StormBreaker”in yerdən buraxılan variantının sınaqlarını tamamlayıb

ABŞ-ın “Raytheon” şirkəti “hava-yer” tipli “StormBreaker” ağıllı aviasiya bombasının yerdən buraxılan (“yer-yer”) variantının sınaqlarını tamamlayıb.

“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, şirkət yeni variantı 50 gün ərzində layihələndirib, inkişaf etdirib və sınaqdan keçirib.

Bildirilib ki, onun testləri bu yaz Mojave səhrasında yerləşən şəxsi sınaq poliqonunda baş tutub. “StormBreaker”in “yer-yer” tipli variantının həyata keçirilən sınaq atışında qlobal bazarda satılan raket mühərrikindən istifadə edilib. Sınaqlar zamanı bu variant təxminən 20000 fut hündürlüyə çatıb və əsas mərhələləri uğurla keçib.

“Raytheon” yerdən atılan “StormBreaker”in inkişafını sürətləndirmək məqsədilə müstəqil tədqiqat-inkişaf, əsas vəsaitlər və infrastruktur, habelə mövzu üzrə mütəxəssislərin cəlb olunmasına əhəmiyyətli sərmayə qoyub. Yeni variant “hava-yer” tipli “StormBreaker” ilə eyni hədəf spektrini əhatə edir, lakin daha uzun məsafəyə malikdir və hücum imkanları genişləndirilmişdir. Əlavə sınaqlar bu il ərzində davam etdiriləcək.

Qeyd edək ki, “StormBreaker” ABŞ Hərbi Hava Qüvvələrinin 2019-cu ildə qəbul edilmiş “Golden Horde” proqramı çərçivəsində “Raytheon” şirkəti tərəfindən yaradılan və “Small Diameter Bomb II” adlandırılan ağıllı aviasiya bombasıdır.

Sensorlar və ağıllı alqoritmlərin birləşməsi “StormBreaker” bombasına hədəfləri təhlil etməyə və təsnifləndirməyə, eyni zamanda ən yüksək prioritetli olanları seçməyə kömək edir. Bomba hətta pis hava şəraitində, tüstüdə və ya tam qaranlıqda hərəkətdə olan hədəfləri verilmiş GPS koordinatlar və ya lazer işıqlandırılması sayəsində məhv etmək imkanına malikdir.

Bombanın kütləsi 113 kiloqramdır. O, daşıyıcı-təyyarə ilə əlaqə saxlamaq imkanına sahib olmaqla trayektoriyada uçuş müddətində bir hədəfdən digərinə yönəldilə bilir. Bombanın döyüş hissəsi özündə fuqas, qəlpəli və zirehdəlmə effektlərini birləşdirir. Bu da tankların, binaların və insanların məhv edilməsini təmin edir.

Hazırda “StormBreaker” aviasiya bombaları ABŞ HHQ-nin aviasiya parkındakı F-15E “Strike Eagle” və F/A-18E/F “Super Hornet” döyüş təyyarələri tərəfindən istifadə olunur. Eyni zamanda, onun F-35A/BC qırıcılarına da uyğunlaşdırılması ilə bağlı işlər aparılır.

Chosen
7
poliqon.az

1Sources