Yunanıstanda çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçirilib.
Offsideplus.az xəbər verir ki, Katerini şəhərində keçirilən turnirdə 26 ölkədən 170 idmançı iştirak edib. Azərbaycanı bu mötəbər yarışda 10 güləşçi təmsil edib.
Onlardan 6-sı qrup mərhələsini uğurla adlayaraq 1/4 finala yüksəlib. Güləşçilərimizdən 4-ü yarımfinala adlamağı bacarıb.
Ülviyyə Musayeva (55 kq) yarımfinalda Polşa, finalda isə Yaponiya güləşçisinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da o, çimərlik güləşində qızlar arasında ilk dünya çempionumuz kimi adını tarixə yazdırıb.
Nihad Süleymanlı (80 kq) da eyni uğura imza atıb. Yarımfinalda İran, finalda isə Gürcüstan güləşçisinə heç bir şans tanımayan həmyerlimiz qızıl medalı boynundan asıb.
Finalın bir addımlığında iranlı rəqibinə məğlub olan Elgün Kərimli (90 kq) moldovalı həmkarı üzərində 5:0 hesablı qələbə qazanaraq dünya üçüncüsü olub.
Rəşad Əliyev (70 kq) də medal qazanmağa yaxın olub. Ancaq milli üzvü yarımfinalda İran, bürünc medal uğrunda görüşdə isə Gürcüstan güləşçisinə məğlub olaraq 4-cü yerlə kifayətlənib.
Beləliklə, güləşçilərimiz mundialda 2 qızıl və 1 bürünc medal qazanıblar. Oğlanlardan ibarət komanda 62 xal toplayaraq dünya üçüncüsü olub. Cəmi 2 qızdan ibarət heyət isə 25 xalla Moldova və Puerto-Riko ilə 4-6-cı yerləri bölüşüb.
DÇ-də ədaləti I-S dərəcəli hakim Sədi Quliyev qoruyub.