EN

Vətən müharibəsi Azərbaycanın gücünün bütün dünyaya nümayişi idi

ain.az bildirir, Ses qazeti portalına istinadən.

2020-ci il 27 sentyabr səhəri Ermənistan silahlı qüvvələri cəbhə boyu və sərhəd istiqamətlərində genişmiqyaslı hücuma başladı. Ağır artilleriya və iriçaplı silahlardan açılan atəş nəticəsində Azərbaycan Ordusunun mövqeləri, həmçinin yaşayış məntəqələri hədəfə alındı, hərbçilərimiz və mülki vətəndaşlarımız arasında itkilər oldu. Bu, illərlə davam edən təxribatların kulminasiya nöqtəsi idi.

Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev əks-hücum əməliyyatına başlamaq barədə tarixi əmr verdi. Bu qərar təkcə hərbi əməliyyatın başlanması deyil, həm də yeni bir tarixi mərhələnin açılışı oldu. Azərbaycan Ordusu Vətən Müharibəsinə başladı və xalq öz liderinin ətrafında bir yumruq kimi sıx birləşdi.

Müharibənin ilk günlərindən Ermənistan ordusu ağır itkilərə məruz qaldı. Azərbaycan Ordusu texnoloji üstünlüyünü, müasir döyüş taktikalarını və yüksək döyüş qabiliyyətini nümayiş etdirərək mühüm strateji yüksəklikləri ələ keçirdi. Qısa müddətdə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər rayonlar azad edildi. 8 noyabrda isə Şuşanın azad olunması müharibənin taleyini həll etdi. Ermənistan ordusu iflasa uğradı, işğal altında saxladığı torpaqları tərk etməyə məcbur oldu.

Vətən Müharibəsi təkcə hərbi qələbə deyildi, həm də siyasi-hüquqi reallıqların dəyişməsi idi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək beynəlxalq hüququn prinsiplərini fakt üzərində təmin etdi. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiyası və Azərbaycanın tarixi qələbəsi kimi tarixə düşdü.

Beynəlxalq aləmdə bu müharibə ciddi rezonans doğurdu. Bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfləri atəşkəsə çağırsa da, Azərbaycanın mövqeyi tam aydın idi: yalnız işğala son qoyulması ilə sülh mümkün ola bilərdi. Müharibə nəticəsində illərlə kağız üzərində qalmış BMT Təhlükəsizlik Şurasının qətnamələri faktiki olaraq icra edildi. Azərbaycan haqlı savaşını qətiyyətlə apararaq dünya miqyasında nüfuzunu artırdı və Cənubi Qafqazda aparıcı güc kimi mövqeyini möhkəmləndirdi.

27 sentyabr həm kədərin, həm də qürurun günüdür. Kədərin – çünki bu yolda yüzlərlə qəhrəman oğul şəhid oldu. Qürurun – çünki onların qanı bahasına milli ərazi bütövlüyümüz bərpa edildi, Azərbaycan qalib dövlətə çevrildi.

Bu gün 27 sentyabr bizə həm keçmişi xatırladır, həm də gələcəyə məsuliyyətimizi diktə edir. Azərbaycanın qarşısında indi yeni vəzifələr dayanır – işğaldan azad olunmuş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, regionda dayanıqlı sülhün təmin olunması. Lakin ən əsas məsələ budur: Azərbaycan xalqı bir daha sübut etdi ki, öz torpaqları uğrunda mübarizədə heç vaxt geri çəkilmir və haqq savaşında hər zaman qalib gəlir.

27 sentyabr – Azərbaycanın iradəsinin, ordusunun gücünün, xalqının birliyinin və dövlətçiliyimizin möhkəm təməl daşına çevrilən gündür.

Elnarə Akimova

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
2
sesqazeti.az

3Sources