ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Ermənistanın Rusiyadan enerji asılılığı öz sözünü deyir
Moskvada “Rosatom” dövlət korporasiyası tərəfindən təşkil olunan Ümumdünya Atom Həftəsi başlayıb. Nüvə enerjisi və əlaqəli sahələr üçün nəzərdə tutulan bu forum, eyni zamanda, Rusiya nüvə sənayesinin 80 illik yubileyinə təsadüf edir. Tədbirdə dünyanın 100-dən çox ölkəsindən nümayəndə, o cümlədən nazirlər, iri şirkətlərin rəhbərləri, alimlər, aparıcı KİV-lərin təmsilçiləri iştirak edirlər. İştirakçılar arasında Rusiya nüvə sənayesinin mütəxəssisləri, beynəlxalq təşkilatların yüksəkvəzifəli nümayəndələri, tələbələr var. Belə miqyasda və formatda “Atom Forumu” ilk dəfə təşkil olunur. Ermənistan baş naziri Nikol Paşinyan da Ümumdünya Atom Həftəsində iştirak etmək üçün Rusiyaya gəlib. Həmçinin xarici qonaqlar arasında Belarus Prezidenti Aleksandr Lukaşenko, Efiopiyanın baş naziri Abiy Əhməd, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi və başqaları var.
Nikol Paşinyanın Moskvaya gəlişi işgüzar xarakter daşısa da, bu səfərin arxasında başqa məqamlar dayanır. Bu bir növ məcburiyyətdən edilib desək, yanılmarıq. Çünki Ermənistanın enerji sahəsində Rusiyadan asılılığı uzun illər ərzində formalaşıb və indi də müxtəlif səviyyələrdə özünü göstərir. Bura elektrik enerjisi, təbii qaz və digər infrastrukturlar daxildir.
Qeyd edək ki, Ermənistanın elektrik enerjisi və qazla təchizatında əsas rol “Rusatom” və “Gazprom” kimi Rusiya şirkətlərinə məxsusdur. Məsələn, ölkənin əsas nüvə stansiyası olan Metsamor AES Rusiya texnologiyası əsasında fəaliyyət göstərir, onun təhlükəsizliyinin təmin olunmasında da rusiyalı mühəndislər və ekspertlər əvəzsiz rol oynayırlar. Təbii qaz sahəsində isə Ermənistan tamamilə Rusiyaya bağlıdır. Ölkəyə idxal olunan qazın böyük hissəsi “Gazprom”un payına düşür. Ermənistanın enerji sektoru Rusiyadan daha çox asılıdır.
Əvvəlki illərə nəzər salanda görürük ki, 2022-ci ildə ölkədə elektrik enerjisinin 70 faizi Rusiyadan gətirilən enerji məhsulları hesabına istehsal olunub. Həmin dövrdə idxal edilən təbii qazın 87.7 faizi Rusiyadan, 12.1 faizi isə İrandan alınıb. Maye qaz idxalında isə Rusiyanın payı 90.3 faizə, İranın payı isə 9.2 faizə çatıb. Rusiya həm də Ermənistanda benzin və dizelin əsas təminatçısıdır. 2022-ci ildə neft məhsullarının 76.1 faizi Rusiyadan idxal olunub. 2023-cü ilin ilk yarısında Rusiya bu sahədə 74.3 faizlik paya malik olub.
Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanın yeganə AES-i Metsamor da Rusiyanın “Rusatom” şirkəti tərəfindən idarə olunur. Stansiyanın fəaliyyəti üçün uran idxal olunur, radiaktiv tullantılar rus şirkəti tərəfindən emal edilir. Stansiya ölkədə istehsal olunan elektrik enerjisinin 35-40 faizini təmin edir. Fəaliyyət müddəti 2012-ci ildə bitməsinə baxmayaraq, yeniləmə işləri nəticəsində 2027-ci ilə qədər uzadılıb. Bunun üçün Moskva İrəvana 270 milyon dollar kredit və 30 milyon dollar qrant ayırıb. Ermənistanın enerji sahəsində Rusiya ilə əlaqələri 2023 və 2024-cü illərdə də yüksək səviyyədə qalıb.
Ermənistanın Rusiyadan enerji asılılığı həm də ölkənin xarici siyasətində öz “əksini” tapır. Enerji resursları vasitəsilə Moskva İrəvana təsir imkanlarını genişləndirir və bəzən Ermənistanı regional layihələrdə Rusiyanın maraqlarına uyğun qərarlar verməyə məcbur edir. İrəvan enerji və təhlükəsizlik məsələlərində Moskvaya bağlı olduqca, onun iqtisadi müstəqilliyi ciddi şəkildə azalır. Bununla yanaşı, Ermənistanın enerji sahəsindəki asılılığı ölkənin daxili iqtisadi inkişafına da mənfi təsir göstərir. Eyni zamanda, ölkənin enerji təhlükəsizliyinin xarici dəstəyə bağlılığı siyasi riskləri artırır. Belə olduğu halda, Ermənistanın Rusiyadan asılılığı həm iqtisadi, həm siyasi, həm də strateji baxımdan ciddi problem olaraq qalır. Enerji diversifikasiyasının olmaması İrəvanın hər hansı müstəqil addımlar atmasının qarşısında ən böyük əngəldir.
Nikol Paşinyan hökuməti artıq bir neçə ildir ki, iqtisadi və siyasi diversifikasiya istiqamətində addımlar atıldığını iddia etsə də, ötənilki statistika bunun tam əksini deyir. 2024-cü ilin ilk doqquz ayında Ermənistanın xarici ticarət həcminin Rusiyadan asılılığı 5,3 faiz artaraq 41,1 faizə yüksəlib. Eyni zamanda, Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 17 faiz azalaraq, ümumi payı 7,2 faiz düşməyə məruz qalıb. Ekspertlər bu rəqəmlərin Ermənistanın xarici ticarət strategiyasında tarazlığın daha da pozulduğunu və asılılığın göstərdiyini qeyd edirlər. Halbuki, rəsmi İrəvan dəfələrlə Qərb dövlətləri ilə iqtisadi əlaqələrin genişləndiyi barədə açıqlamalar verib.
Bir məqamı da qeyd edək ki, Ermənistan xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Rusiya ilə əlaqələrin pozulduğunu desə də, Rusiyanın sanksiyalardan yan keçməsinə ən çox yardımçı olan ölkələrdən biridir. Nəticədə, Ermənistanın Rusiya ilə ticarət əlaqələri dəfələrlə artıb. Bu artım təbii iqtisadi inkişafdan qaynaqlanmır, əksinə Rusiyaya hərbi və sənaye məqsədli məhsulların çatdırılması ilə bağlıdır. Vəziyyət göstərir ki, Ermənistan hakimiyyətinin Qərbə inteqrasiyası barədə verdiyi bəyanatlar reallığı əks etdirmir. Paşinyan hökuməti yalnız ritorika ilə kifayətlənir və bu istiqamətdə konkret addımlar atmır. Reallıqda isə ölkə daha da dərin iqtisadi və siyasi asılılıq vəziyyətinə düşüb. Hərbi sahədə də vəziyyət eynidir. Ermənistanın bir sıra sərhəd bölgələri hələ də rusiyalı hərbçilər tərəfindən qorunur. Bu, Ermənistanın öz təhlükəsizlik strategiyasını müstəqil şəkildə həyata keçirə bilmədiyini göstərir.
Elxan ŞAHİNOĞLU,“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı
Ermənistanın baş naziri Nikol Paşinyan konfransda iştirak məqsədilə Moskvaya gedib. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra tərəfdaşlarının sayı azalıb. Rusiya Prezidenti Vladimir Putin tədbirə Nikol Paşinyanı da dəvət edib. Ermənistanın baş naziri bu tədbirə qatılmaqla iki ölkə arasında münasibətlərin normal olduğunu göstərməyə çalışacaq. Çünki onun rəqibləri Paşinyanı Ermənistanın ənənəvi müttəfiqi Rusiyadan üz döndərərək Qərblə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməkdə ittiham edirlər. Nikol Paşinyan iyun ayında verdiyi açıqlamada Ermənistanın Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatını tərk edə biləcəyini söyləmişdi. Bu açıqlama Rusiyanın siyasi dairələrində narahatlıq yaratmışdı. Paşinyanın Avropa İttifaqına üzvlüklə bağlı açıqlamaları da Kremli narahat etməyə bilməzdi. Rusiya rəsmiləri Paşinyanı seçim qarşısında qoydular: “Ya Avrasiya İqtisadi Birliyi, ya da Avropa İttifaqı”. Daha sonra Paşinyan Avropa İttifaqı üzvlüyü fikrini korrektə etdi və ölkəsinin əvvəlkitək Avrasiya İqtisadi Birliyində üzvlüyün davam etdirəcəyini söylədi.
Fikrimcə, Paşinyan Ermənistanda parlament seçkilərinə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etmək mövzusunu donduracaq. Əks halda, Kreml Ermənistanı qarışdırmaq planını hərəkətə gətirəcək. Ona görə də, Paşinyan parlament seçkilərinə qədər Kremli qıcıqlandırmamağa çalışacaq. Onun Moskvada konfransa qatılması və Vladimir Putinin növbəti dəfə əlini sıxması da buna dəlalət edəcək.
Musa BAĞIRLIXQ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.