EN

ABŞ da Bakıya 1,1 milyon tamaşaçı baxıb

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bir sıra rekord göstəricilərilə diqqətçəkən Formula 1 Azərbaycan Qran–Prisi yalnız trasdakı dramatik hadisələrlə deyil, həm də dünya mediasında doğurduğu geniş rezonansla yadda qaldı. Beynəlxalq mətbuat bu yarışın müxtəlif aspektlərini işıqlandıraraq həm idman, həm də sosial-iqtisadi mənada əhəmiyyətini vurğuladı.

Bu il keçirilən Formula 1 Azərbaycan Qran–Prisi ABŞ-da televiziya baxış rekordunu qırdı. Yarışı yayımlayan ESPN telekanalı rəsmi olaraq bildirdi ki, ötən həftəsonu Bakı Şəhər Halqasındakı əsas yarış ABŞ-da 1,1 milyon tamaşaçı topladı. Qeyd etmək lazımdır ki, vaxt fərqi səbəbindən bu göstərici xüsusilə diqqətəlayiqdir: Los-Ancelesdə yarış səhər saat 04:00-da, Nyu-Yorkda isə səhər saat 07:00-da başlamışdı. Buna baxmayaraq, amerikalı azarkeşlər televiziya qarşısına rekord sayda toplaşaraq Bakıda baş tutan mübarizəni izlədilər.

Əvvəlki maksimum nəticə 2021-ci ildə qeydə alınmış və 970 min tamaşaçı təşkil etmişdi. 2024-cü ildə isə bu rəqəm 865 minə enmişdi. Bu dəfə 1,1 milyon göstərici ilə Bakı yarışı tarixdə ilk dəfə olaraq ABŞ-da yeddirəqəmli izləyici kütləsinə çatdı. Ümumilikdə, ESPN, ESPN2 və ABC kanallarında 2025 mövsümündə Formula 1 yarışlarının ortalama izləyici sayı 1,4 milyona yüksəldi ki, bu da əvvəlki rekord – 2022-ci ildə qeydə alınmış 1,21 milyon göstəricini üstələdi.

Beynəlxalq mediada da bu fakt geniş əks-səda doğurdu. APA və “Reuters” yazılarında Bakı yarışının həm idman, həm də tamaşaçı marağı baxımından xüsusi önəm daşıdığını vurğuladılar. “The Guardian”, ESPN və “Motorsport.com” kimi nüfuzlu nəşrlər Bakının artıq Formula 1 təqvimində yalnız “sürprizlərin yarışı” deyil, həm də qlobal auditoriya üçün diqqət mərkəzinə çevrildiyini qeyd etdilər. ABŞ mediası xüsusən ESPN-in rekordunu qabardaraq, F1-in Amerika bazarında nüfuzunun artdığını və bunun gələcəkdə kommersiya tərəfdaşlıqları üçün yeni imkanlar yaradacağını yazdı.

Sosial şəbəkələrdə də Bakı yarışı müzakirələrin əsas mövzularından birinə çevrildi. X (Twitter), “Reddit” və “Instagram” platformalarında həm Maks Verstappenin qələbəsi, həm də Oskar Piastrinin qəzası barədə on minlərlə paylaşım edildi. ABŞ azarkeşlərinin yarışa gecə saatlarında göstərdiyi maraq “Baku GP fandom” kimi yeni onlayn icmaların yaranmasına da təkan verdi.

Beynəlxalq ekspertlər bu tendensiyanı təsadüfi hesab etmirlər. Onların fikrincə, Bakı Qran–Prisi unikal şəhər trası, dramatik hadisələri və tarixi ab-havası ilə F1-in ən çox izlənilən mərhələlərindən birinə çevrilir. ESPN-in rekord göstəricisi həm də Azərbaycanın idman diplomatiyası üçün mühüm siqnal sayılır - ölkənin qlobal imici güclənir, turizm və sponsor bazarına yeni nəfəs gəlir. Eyni zamanda, Bakı Qran–Prisi yalnız idman deyil, həm də iqtisadi və imic baxımından mühüm rol oynadı. Yarış turizmə, yerli biznesə və qonaqpərvərlik sektoruna əlavə gəlir gətirdi, həmçinin Azərbaycanın beynəlxalq idman xəritəsində mövqeyini daha da gücləndirdi.

Beləliklə, Bakı 2025 Qran–Prisi dramatik hadisələri, tarixi nəticələri və qlobal miqyasda böyük rezonansı ilə mövsümün ən yaddaqalan yarışlarından biri kimi tarixə düşdü. Bütün bu reaksiyalar göstərir ki, Bakı Qran–Prisi artıq təkcə Formula 1 təqvimində deyil, həm də qlobal media gündəmində öz yerini möhkəmləndirmişdir.

Səbuhi MƏMMƏDOVXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
1
xalqqazeti.az

2Sources