EN

Berlində 27 Sentyabr - Anım Günü

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Almaniyadakı səfirliyi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində tədbir təşkil edib.

Hafta.az xəbər verir ki, tədbirdə xarici diplomatlar, elm və mədəniyyət xadimləri, Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri və media nümayəndələri iştirak ediblər.

Anım tədbiri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizədə canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdə çıxış edərək 27 Sentyabr - Anım Gününün xalqımızın müasir tarixində xüsusi yer tutduğunu, Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin ən yüksək ehtiramla yad olunduğunu vurğulayıb. Qeyd olunub ki, məhz şəhidlərimizin qəhrəmanlığı sayəsində Azərbaycan uzun illər davam etmiş işğala son qoyaraq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib.

Diplomat bildirib ki, Ermənistanın 30 ilə yaxın davam edən işğalı ilə heç vaxt barışmayan Azərbaycan bu müddətdə qələbəni yaxınlaşdırmaq üçün bütün imkanlarını səfərbər edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü ordu qurulub, ölkəmizin iqtisadi əsasları möhkəmləndirilib, Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Cəmi 44 gün davam etmiş Vətən müharibəsində qazanılan şanlı Zəfər nəticəsində torpaqlarımız azad olundu, Azərbaycanın dövlət suverenliyi ilə yanaşı, milli ləyaqətimiz də bərpa edildi. Vətən müharibəsindən üç il sonra - 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində isə Qarabağda separatçılığa son qoyuldu, ölkəmizin tam suverenliyi təmin olundu. Bu gün Azərbaycan xalqı müzəffər xalq, Azərbaycan dövləti isə qalib dövlət kimi regionda yeni reallıq yaradıb.

Səfir regionda sülhün bərqərar olması istiqamətində atılan addımlardan söz açaraq, avqustun 8-də Azərbaycan ilə Ermənistan arasında Vaşinqtonda sülh sazişinin paraflanmasının bölgə üçün tarixi əhəmiyyət daşıdığını qeyd edib. Bu sənədin 40 ilə yaxın müddətdə davam etmiş münaqişəyə son qoyaraq Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar açdığı diqqətə çatdırılıb. Xüsusi vurğulanıb ki, Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri təkcə iki ölkənin deyil, bütövlükdə regionun firavan gələcəyinə xidmət edir.

Anım mərasimində çıxış edən tanınmış jurnalist Evald Köniq Avropanın çoxlu sayda münaqişələrlə əhatə olunduğu bir dövrdə Azərbaycan ilə Ermənistan arasında Vaşinqtonda əldə edilmiş sülh anlaşmasının region üçün ümid yaratdığını bildirib. Avropanın sabitliyə ehtiyacı olduğunu vurğulayan E.Köniq bunun üçün real imkan yarandığını və bu prosesdə Azərbaycanın mühüm rol oynadığını qeyd edib. O bildirib ki, Avropa ilə Asiya arasında strateji mövqedə yerləşən Azərbaycanın sülhə nail olması Avropanın enerji təhlükəsizliyi baxımından da önəmli rol oynayır.

Çıxışlardan sonra Bakı Media Mərkəzi tərəfindən çəkilən və Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığına və şəhidlərimizin əziz xatirəsinə həsr olunan "Şuşa, sən azadsan!" filmi nümayiş etdirilib.

Sonda şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.

Chosen
27
3
hafta.az

4Sources