EN

ADY: Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə illik 100 minə yaxın sərnişin daşınacaq

Gəncə–Mingəçevir–Ağstafa marşrutunun açılışı dəmir yolları üçün əlamətdar hadisədir. Çünki ilk dəfə Bakıdan kənarda – regionlararası qatarla səfərlərə başlayırıq.

“İki sahil” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müşaviri Arif Ağayev Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişindaşımanın başlanmasına həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, mövcud rayonlararası marşrutların, Bakı-Qazax-Bakı, Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı istiqamətlərinin giriş və çıxış nöqtələri paytaxt Bakıdır.

“Bu gün isə biz yeniliyə imza atmışıq. Daha bir ilk kimi uzun illərdən sonra Mingəçevirə dəmiryol nəqliyyatının bərpasını da qeyd etmək istərdim. Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində müasir elektrik qatarları ilə Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək. Bu marşrutdan Mingəçevirlə yanaşı, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa sakinləri də istifadə edə biləcəklər. Bu marşrut istifadəyə verilməzdən öncə təhlükəsiz və fasiləsiz səfərlərin təmin edilməsi məqsədilə dəmir yollarının Mingəçevir sahəsində yenidənqurma işləri həyata keçirmişik. Mingəçevir şəhər stansiyasının binası əsaslı təmir edilib. Bu yeni istiqamətlə dəmir yollarının səyahət coğrafiyası genişlənir, dolayısı ilə qatarla daşınan sərnişinlərin sayı artır. İlkin hesablamalara görə, bu marşrut üzrə illik 100 minə yaxın sərnişin daşınacaq, o cümlədən bu istiqamətlər üzrə səfər edən, Mingəçevir və Gəncə, Tovuz, Ağstafa, Goran, Dəllər və Qovlarda yaşayan insanlar üçün mobillik imkanları genişləndiriləcək. Əminliklə deyə bilərik ki, bu marşrut daha çox Mingəçevir əhalisinin rahat, təhlükəsiz və sərfəli səyahət etməsinə və Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına və tanıdılmasına şərait yaradacaq", - deyə A.Ağayev qeyd edib.

O bildirib ki, Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha da əlçatan etmək və xidmət coğrafiyasını genişləndirmək olan hədəflərimizə çatmaq məqsədilə səylə çalışılır: “Bu məqsədlə sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir yanaşmalar tətbiq edirik. 2023-cü ildə ilk dəfə Bakı-Qəbələ-Bakı marşrutu istifadəyə verilib, 2024-cü ildə yeni qatarların xəttə buraxılması ilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə reyslər artırılıb və Ləki və Ucar stansiyalarına dayanacaq verilib. Bu ilin əvvəlində Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişindaşıma bərpa olunub, iyunun 15-də Bakı-Ağstafa-Bakı marşrutu Qazaxa qədər uzadılıb, avqustun 30-da isə Bakı-Ağdam-Bakı xətti açılıb. Qeyd edim ki, Bakıdan Ağdama reyslərin təşkili Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artıracaq, Ağdam və ətraf rayonların sosial-iqtisadi dirçəlişinə imkan verəcək”

Chosen
28
8
ikisahil.az

9Sources