Azərbaycan son 5 ildə BMT başda olmaqla bütün beynəlxalq platformalarda qalib ölkə kimi təmsil olunur. 44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfər ölkəmizin nüfuzunu daha da artırıb. Prezident İlham Əliyevin Nyu-Yorka səfəri zamanı keçirilən yüksək səviyyəli çoxsaylı görüşlər bunun əyani sübutu idi. Azərbaycan həm iqtisadi potensialı və qlobal əməkdaşlıq təşəbbüsləri, eyni zamanda siyasi gündəliyi ilə beynəlxalq aləmdə böyük maraqla qarşılanır. Ölkə başçısının iri investisiya şirkətlərinin, müxtəlif dövlətlərin - Finlandiya, Yunanıstan, Keniya, Portuqaliya, Bolqarıstan liderləri, AŞ və BMT baş katibi ilə görüşləri Azərbaycana olan marağın göstəricisi idi. Bütün görüşlərdə Azərbaycan liderinə rəğbət açıq şəkildə ifadə olunurdu. ABŞ Prezidenti Donald Tramp isə BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda Müzəffər Ali Baş Komandana "Mən Sizinlə həqiqətən fəxr edirəm" söylədi. Bu, Azərbaycan liderinə ehtiramın göstəricisi idi.
BMT Baş Assambleyasında çıxışı zamanı isə Prezident İlham Əliyev ölkəmizin yeni dövrə qədəm qoyduğunu bildirdi. Cənab İlham Əliyev BMT Baş Assambleyasının ümumi müzakirələrində ümumilikdə dörd dəfə çıxış edib. Budəfəki çıxış digərlərindən fərqli idi və həqiqətən də tarixi çıxış idi. İlk növbədə ona görə ki, Azərbaycanın qazandığı böyük Qələbə yeni reallıqlar yaradıb və rəsmi Bakının bütün qlobal-regional proseslərə yanaşması bu reallıqlar kontekstində formalaşır. Dövlət başçısı BMT tribunasından çıxışı zamanı Azərbaycanın həm 30 il işğaldan, həm də ikili standartlardan əziyyət çəkdiyini vurğuladı. Xüsusilə BMT TŞ-nin Ermənistanın işğal siyasətinə qarşı qəbul etdiyi qətnamələrin icra mexanizminin olmadığını, Azərbaycanın öz gücü və iradəsi ilə bu qətnamələri icra etdiyini diqqətə çatdırdı. Bunu beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutu kimi qiymətləndirdi.
Prezident İlham Əliyev həm müharibəni udan, həm də sülhü qazanan ölkənin rəhbəri kimi Azərbaycanın müsbət təcrübəsini paylaşmağa hazır olduğunu bəyan etdi. “Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır”,- söylədi.
Azərbaycanın sülh təşəbbüsü ilə bağlı BMT-nin mövqeyinə gəlincə, təşkilatın Baş katibi Antonio Quttereş ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış çərçivə sazişini iki Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm bir mərhələ kimi alqışlayıb. Prezident İlham Əliyevlə görüşdə baş katib bir daha Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi və əldə olunmuş tarixi nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Bu isə o deməkdir ki, Azərbaycanın sülh gündəliyi BMT-də də böyük rəğbətlə qarşılanır.
Dövlət başçımızın toxunduğu vacib məsələlərdən biri birinci Qarabağ müharibəsi zamanı 3890 Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı məsələ idi. Əslində BMT-nin itkin düşmüş şəxslər üzrə Xüsusi məruzəçisinin mandatının yaradılması bu həssas məsələyə qlobal diqqətin artırılmasına və onun daha effektiv şəkildə həllinə töhfə verə bilər. Bu səbəbdən Azərbaycan Prezidenti mina probleminin Böyük Qayıdışa törətdiyi əngəli xatırladarkən ölkəmizin 1990-cı illərin əvvəllərindən bəri Ermənistanın təcavüzü və işğalı zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının faciəli taleyinin xüsusi diqqət və tədbir görülməsini tələb etdiyini də vurğuladı.