EN

Bleyerin rəhbərlik etdiyi keçid adminstrasiyası Qəzzaya sabitlik gətirəcək? (ŞƏRH)

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Toni Bleyerin rəhbərliyilə keçid adminstrasiyasının idarəçiliyi regiona sabitlik gətirməyəcək".

Bunu Qaynarinfo-ya konfliktoloq Azər Hüseynov Qəzzanın idarəçiliyinin Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyerin rəhbərliyilə keçid adminstrasiyasına veriləcəyi barədə məlumatı şərh edərkən deyib. 

"Qəzza münaqişəsi başlanan ilk gündən bildirdim ki, əsas məqsəd HƏMAS-ı idarəçilikdən uzaqlaşdırmaq və konsorsium formasında bir idarəçilik modeli yaratmaqdır. Bu konsorsiumda region dövlətləri - Türkiyə, ərəb ölkələri, ABŞ - fəal iştirak etmək niyyətindədir, yalnız İran bu çərçivədən kənarda saxlanılır. Bununla bölgədə yeni bir siyasi arxitektura formalaşdırmaq istənilir", deyə ekspert bildirib.

Konfliktoloq qeyd edib ki, BMT mandatı altında idarəçilik regiona sabitlik gətirməyəcək:

"Son günlərdə isə başqa bir variant gündəmə gətirilib. BMT mandatı altında yeni idarəçilik forması zahirən beynəlxalq legitimlik görüntüsü yaratsa da, əslində regiona sabitlik gətirməyəcək. Tarixi təcrübə göstərir ki, mandat sistemləri bölgəni daha da qarışdırır. Osmanlı imperiyasının I Dünya müharibəsində məğlubiyyətindən sonra 1918-ci ildən etibarən İngiltərə və Fransa Yaxın Şərqi mandat üsulu ilə idarə etməyə başladı. Fələstin, Suriya və Livan üzərində qurulan bu mandatlar bölgənin gələcək onilliklərdə od çanağına çevrilməsinin təməlini qoydu. Yerli xalqların istəkləri nəzərə alınmadı, sərhədlər süni şəkildə cızıldı, etnik və dini parçalanmalar dərinləşdirildi".

Həmsöhbətimiz düşünür ki, bu gün yenidən eyni modelin təklif olunması, tarixdən dərs çıxarılmadığını göstərir:

"Mandat idarəçiliyi bölgəyə nə sülh gətirəcək, nə də davamlı sabitlik. Əksinə, bu, Yaxın Şərqin yenidən böyük güclərin nüfuz savaşına səhnə olmasına yol açacaq. Fələstin məsələsinin özü də məhz bu xarici mandatların mirasıdır. Əgər bu gün də idarəçilik bölgə xalqlarının əli ilə deyil, xaricdən gətirilən mandatlarla qurulsa, heç vaxt real həll mümkün olmayacaq. Çünki problemi yaşayan xalqın iradəsi və iştirakı olmadan qurulan hər hansı sistem süni olacaq, dayanıqlı olmayacaq".

Azər Hüseynovun fikrincə, Qəzzada və bütövlükdə Fələstində sabitliyin açarı beynəlxalq güclərin mandatında deyil, yerli cəmiyyətlərin özünəməxsus idarəçilik modelindədir.

Qeyd edək ki, "The Economist" jurnalının məlumatına görə, Böyük Britaniyanın  keçmiş baş naziri Toni Bleyer Qəzza zolağına rəhbərlik edəcək keçid administrasiyasına rəhbərlik edə bilər və o, artıq müharibədən sonrakı idarəetmə planını hazırlayır. Nəşr qeyd edir ki, o, müharibə başlayandan bəri vaxtaşırı Qəzzaya səfər edib.

Belə bir idarəetmə orqanının əsas məqsədlərindən biri ilk beş il ərzində Qəzzada "ən yüksək siyasi və hüquqi orqan” funksiyasını həyata keçirmək üçün BMT mandatı alması olacaq. Mandat verildikdən sonra Toni Bleyer yeddi nəfərdən ibarət şura və 25 nəfərlik katiblik yaradacaq. Məqalədə iddia olunur ki, yaranacaq orqanın xərclərini ərəb dövlətləri ödəyəcək. 

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
qaynarinfo.az

1Sources