“Dodaq permanenti ilə təbii gözəlliyi qorumaq mümkündür”.
News365.az-a müsahibəsində kosmetoloq Lalə Ələkbərova dodaq permanenti proseduru barədə danışıb.
O qeyd edib ki, bu prosedur xüsusilə hər gün makyaj edənlər üçün rahatdır, amma əsas məqsəd dodaqların təbii gözəlliyini qorumaqdır:
“Ən yaxşısı odur ki, dodaqların rəngi qalıcı və təbii olsun. Müştərilər arasında daha çox açıq və şaftalı tonları seçirlər, qırmızı və tünd rənglər nadir hallarda istifadə olunur. Bəziləri simmetriya üçün, bəziləri isə dodağın ortasını vurğulamaq üçün boyadır. Hamilə qadınlar isə proseduru müəyyən aylardan sonra etdirməlidir. Ümumiyyətlə hamiləlik dövründə heç bir prosedur tövsiyə olunmur”.
Kosmetoloq təbii və orqanik boyalardan istifadə etdiyini bildirib:
“İstifadə etdiyim boyalar dəridə və orqanizmə zərərsizdir, allergiyası olanlara, dəri xəstəliyi olanlara uyğun deyil. Şəkər xəstələri və dəridə yaralar olanlar üçün də xüsusi yanaşma var. Müştərinin sağlamlığı birinci yerdədir”.
O, həmçinin ustanın bacarığının və sertifikatlarının vacibliyini vurğulayıb:
“Ən əsas məsələ ustanın düzgün seçilməsidir. Sertifikatı, təcrübəsi, əldə etdiyi diplomlar və praktik bacarığı önəmlidir. Yalnız 5 günlük kursla öyrənən usta ilə deyil, uzun illər təcrübəsi olan və özünü daim inkişaf etdirən usta ilə işləmək lazımdır. Steril iş mühiti, iynələrin təmizliyi və düzgün tətbiq proseduru müştərinin haqqıdır”.
Kosmetoloq vurğulayıb ki, prosedur zamanı hər detal - boyanın seçimi, iynələrin steril olması və ustanın bacarığı - dodaq permanenti nəticəsinin keyfiyyətinə birbaşa təsir edir.
News365.az, Vəfa Vəliyeva