EN

Bakıda məşhur türk aktyorlarla görüş keçirilib

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bu gün Bakıdakı Yunus Emre İnstitutunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyənin ölkəmizdəki səfirliyinin, "Yerli Düşüncə" Dərnəyinin təşkilatçılığı ilə Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində məşhur aktyorlar Hülya Koçyigit, Berk Oktay, Anıl Altan, Duyqu Sönmezin iştirakı ilə "Gəlin tanış olaq" adlı tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə sənətçilər öz təəssüratlarını bölüşüblər.

Aktrisa Duyqu Sönmez kino sektorunun və sənətçilərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib. Sənətçi, eyni zamanda, türk dünyası ölkələrində olmağın çox qiymətli hadisə olduğunu, belə tədbirlərin davam edəcəyinə ümid etdiyini vurğulayıb.

Aktyor Anıl Altan çıxışında şəhidlərimizin xatirəsini yad edib. Azərbaycana ilk dəfə "Formula-1" yarışı ilə bağlı gəldiyini bildirən sənətçi Bakının çox gözəl şəhər olduğunu, burada özlərini yad ölkədə hiss etmədiklərini vurğulayıb.

Sənətçi Berk Oktay da çıxışında başda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov olmaqla bütün şəhidlərimizin xatirəsini yad edib.

"Bundan öncə "Savaşçı" serialında Azərbaycan mədəniyyəti və tarixi ilə yaxından tanış olmaq imkanım oldu. Öz vətənimizdəyik. Bizimlə görüşə gəldiyiniz için çox təşəkkür edirəm", - B.Oktay deyib.

Türkiyə kinosunun məşhur aktrisası Hülya Koçyigit isə Azərbaycan üçün illərlə həsrət çəkdiyini, ölkəmizdə olmağı çox istədiyini və özünü xoşbəxt hiss etdiyini vurğulayıb. O, göstərilən diqqət üçün çox təşəkkür edib.

Tədbir tələbə və müəllimlərin sənətçilərə sualları ilə davam edib.

Söhrab İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
4
oxu.az

5Sources