EN

“İndi Azərbaycan vətəndaşı Gürcüstana işləməyə gedir...” “Hökumət bu mənzərədən məmnundurmu?”

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Azərbaycanın iqtisadi inkişaf tempinin getdikcə azalması ölkəmizin bir sıra makroiqtisadi göstəricilərə görə qonşu ölkələrdən geri qalmasına səbəb olur.

“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Azərbaycanla Gürcüstan arasında iqtisadi, sosial vəziyyət, biznes mühiti, vergilər və s. göstəricilərlə bağlı paralellər aparıb. 

Təəssüf ki, bu sahələrin bir çoxunda vəziyyət ölkəmizin xeyrinə deyil: “Müstəqillik tarixində ölkələr arası fiziki şəsxlər arasında pul köçürmələr izlənilən dövrdən bəri ilk dəfədir ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycana Gürcüstandan pul köçürmələr, bizim ölkədən ora köçürmələri üstəliyib: Gürcüstandan Azərbaycana daxil olan vəsait 18.1 milyon dollara yüksəlib – illik müqaisədə 4% artım var.

Bu yay iki dəfə Gürcüstanda oldum, qohum-tanışlardan eşitdiyim, gözümlə gördüyüm mənzərə belə idi ki, Azərbaycanın rayonlarından Gürcüstana işləməyə, biznes qurmağa gələn insanların sayı kəskin artıb. Tikintidə fəhlə işləyən aran rayonlarından olan soydaşlarımızı gördüm, ayda 2000 manat maaş alırdılar, bundan başqa insani rəftardan çox razı idilər: 8 saatlıq iş rejimi, pulsuz nahar yeməyi, iş yerinə gedib-gəlmək üçün pulsuz avtobus, aşağı vergilər, 5 günlük iş həftəsi – yüksək maaşdan əlavə bu məsələlər də cəlbedici idi.

Gəncəbasar zonasından olan bir neçə kiçik sahibkarla da tanış oldum – Azərbaycanda bir neçə dəfə işlərinə maneələr yaradılandan sonra Tiflisə köçüblər. Kiçik sahibkarlıqla məşğuldurlar, 500 min lariyə qədər dövriyyədən cəmi 1% vergi verirlər, heç bir dövlət orqanının, nəzarətedici qurumların üzlərini belə görmürlər. Vergi və gömrük işindən çox razı idilər.

Cəmi 8 il əvvəl Azərbaycan adambaşına düşən ÜDM göstəricilərinə görə Cənubi Qafqazın lideri idi, 2017-ci ildə: Azərbaycan - 4212 dollar, Gürcüstan - 4,047 dollar, Ermənistan - 3,869 dollar.

2024-cü il Beynəlxalq Valyuta Fondunun rəqəmlərinə görə adambaşına düşən ÜDM-ə görə indi biz Cənubi Qafqazda sonuncu yerdəyik: Gürcüstan – 9.61 min dollar, Ermənistan – 8.86 min dollar, Azərbaycan – 7.43 min dollar.

Bu ilin, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda ÜDM cəmi 0,9% artıb. Gürcüstanda bu rəqəm 8,6%, Ermənistanda isə 5,2%-dir.

Bütün bu makro-iqtisadi göstəricələrdə geriləmələrə görə indi Azərbaycan vətəndaşı Gürcüstana işləməyə gedir, qazanır, ailəsinə pul göndərir. Görəsən bizim hökumət bu mənzərədən məmnundurmu?! Məmnundurlar ki, Nazirlər Kabinetinin, İqtisadi Şuranın iclaslarında hər şeydən danışırlar, bircə problemlərdən, onların həlli yollarından başqa...“

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
4
azpolitika.info

5Sources