EN

Azərbaycan futbolunda niyə hər şey belə qəlizdir? - futboldan çox siyasət var!

Bizi tez-tez gürcülərlə müqayisə edirlər. Həqiqətən də qafqazlı qonşularımızın fonunda çox bərbad görünür futbolumuz. Millidən çoxdan gözümüzü çəkmişik, Avropa səviyyəli futbolçu yetişdirə bilməyəcəyimizlə də haradasa artıq barışmışıq. Yaxşı ki, "Qarabağ" var, yenə də klub səviyyəsində ölkəmizdə futbolun yaşadığını hiss eləyə bilirik. 

Gürcülər hələ sovetlər dönəmində futbolda bizdən çox-çox üstün olub. Açığı, biz heç o vaxtlar da xüsusi nəyləsə öyünə bilməmişik. Gürcülər bir yana qalsın, bədnam qonşularımız belə SSRİ çempionu və kubokun qalibi olduğu halda, bizim vur-tut bir bürünc medaldan başqa heç bir ciddi nailiyyətimiz olmayıb. 

Amma dünyada futbol çox dəyişib. Bizim yenə yaxşıdan-pisdən futbol ənənəmiz olub. Lakin baxırsan 30-40 il əvvəl düz-əməlli futbolu olmayan ölkələr belə oynamağı öyrəniblər. Biz isə yerimizdə sayırıq. Milyon nədir, milyardlarla pullar xərclənib bu sahəyə, ortalıqda heç nə yoxdur. 

Səbəb bir deyil, iki deyil. Amma ən ciddi faktor futbolumuzun uzun illərdir məmurların, siyasi güclərin əlində olmasıdır. Azərbaycan futbolunda futboldan çox siyasət var. Futbolumuzun inkişaf edə bilməməsinin əsas səbəbi də budur. Uzun illərdir davam edən vəziyyət dəyişmir. 

Çox ümidliydik ki, Rövnəq Abdullayevdən sonra hər şey dəyişər, nəhayət ki, futbol adamlarını görərik AFFA-nın başında. Təəssüf ki, daha pis oldu... 

Azərbaycan futbolu bir neçə siyasi gücün əlinə keçib. Futbol böyük ölçüdə heç kimə lazım deyil. Bu sahə həmin güclərə öz futbol arzularını gerçəkləşdirmək üçün əhəmiyyətlidir. Yəni hansısa plan, strategiya, obyektiv təhlil, millətə-vətənə xidmət və s. heç nə yoxdur düşüncələrdə. Güc sahibi olan kəslər ilk növbədə öz dost-tanışlarını, qohumlarını vəzifələrə yerbəyer eləyir, sonra da öz azarkeş baxışlarına uyğun olaraq qərarlar verirlər. 

Və biz belə reallıqların olduğu bir ortamda inkişaf istəyirik. Mümkün deyil axı... Nümunə kimi qəbul elədiyimiz Gürcüstan futbolunu siyasi güclər, məmurlar yox, futbol adamları idarə eləyir. Orada federasiyada vəzifələr qohumlar, dostlar arasında paylaşdırılmır. Orada ölkə futbolunun müqəddəratı ilə bağlı bankirlər, televiziya rəhbərləri, zavod direktorları və s. peşə sahibləri vermir. Ona görə də, hələ ki heç nə gözləməyin. 

Həmid

saytlarin hazirlanmasi

Chosen
10
1
sportal.az

2Sources