EN

“Şahdəniz” yatağının işlənilməsinin üçüncü mərhələsi BAŞLAYIR

Cənub Qaz Dəhlizi məhz Şahdəniz yatağının sayəsində mövcuddur. Buna görə də qaz dəhlizindən danışarkən dəhliz boyu uzanan boru kəmərlərindən əvvəl bu kəmərləri təchiz edən yataq haqqında öyrənmək mütləqdir. Çünki Cənub Qaz Dəhlizinin işə düşməsi ilə Şahdəniz Avropaya yeni böyük enerji həcmlərini çatdırmağa başlayaraq Avropanın enerji mənbələrini daha da şaxələndirmiş və enerji keçidi üçün vacib olacaq yeni təbii qaz tədarükünü təmin etmişdir.
Tarixi
Şahdəniz yatağı ilə bağlı işlərə 1990-cı illərin əvvələrindən başlanılsa da, maliyyə problemləri səbəbindən işlər dayandırılmışdır. 1994-cü ildə imzalanmış “Əsrin Müqaviləsi”ndən 5 il sonra isə 1999-cu ildə dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan Şahdəniz yatağı kəşf edilmişdi.
Perspektivinə böyük ümidlər bəslənən bu yatağın işlənməsi zamanı bir sıra texniki çətinliklər ortaya çıxdı. Bura yüksək lay-kollektor təzyiqləri, dərin sularda yerləşmə və nəhəng coğrafi ərazini əhatəetmə səbəbindən lay-kollektora girişin mürəkkəbliyi daxil idi. Bu çətinliklərin öhdəsindən gəlmək üçün Şahdəniz layihəsində qabaqcıl sualtı və qazma texnologiyaları tətbiq olundu. Uğurla tamamlanan işlərdən sonra, nəhayət, 2006-cı il dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verildi.
Coğrafiyası
Yataq Bakıdan uzaq məsafədə, eləcə də dənizin səthindən xeyli dərinlikdə yerləşir. Belə ki, Bakıdan təqribən 70 km cənub-şərqdə, dənizin 50 metrdən 600 metrədək dərinliyindədir. Yatağın kollektor dərinliyi 1000 metrdən çoxdur, uzunluğu isə 22 kilometrdir.
Qaz 85 km boru kəməri ilə quruya, yeni artan qaz hasilatına uyğun olaraq əhəmiyyətli dərəcədə genişləndirilmiş Səngəçal terminalına nəql olunur.
Texniki-iqtisadi göstəriciləri
Şahdəniz 140 kv.km-dən artıq sahəsi və ilkin hesablamalara görə təqribən 1.2 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı ilə dünyanın ən böyük qaz yataqlarından biridir.
1997–2001-ci illər ərzində Şahdəniz strukturunda qazılmış kəşfiyyat və qiymətləndirmə quyuları onun dünya səviyyəli qaz kondensat yatağı olduğunu təsdiq etdi.
Yatağın işlənməsi mərhələli şəkildə həyata keçirilir. 2003-cü ilin fevralında Şahdəniz üzrə tərəfdaşlar yatağın işlənməsinin birinci mərhələsinə razılıq verdilər. Həmin mərhələdə infrastrukturun inkişaf etdirilməsi, o cümlədən bir platformanın və onu Səngəçal Terminalına birləşdirəcək boru kəmərlərinin inşası, həmçinin Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Türkiyə sərhədinədək yeni qaz ixracı sisteminin, yəni Cənubi Qafqaz Boru Kəmərinin inşası nəzərdə tutulurdu.
Böyük rentabelliklə istismar olunan Şahdəniz yatağının işlənməsinin növbəti mərhələsi, yəni “Şahdəniz-2” layihəsi 2013-cü ildə təsdiqləndi. “Şahdəniz-2” dünyanın ən böyük və ən mürəkkəb qaz layihələrindən biridir. Bu, Xəzər dənizində ilk sualtı işlənmə layihəsi olmaqla, dünyada BP şirkətinin idarə etdiyi ən iri sualtı infrastrukturdur. O, həmçinin Xəzər dənizindən hasil olunan təbii qazı, ilk dəfə olaraq, birbaşa Avropa bazarlarına çatdıran Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir.
Xəzərdə “Şahdəniz-2” layihəsi 26 sualtı quyu, 500 km sualtı boru kəmərləri, axın xətləri və körpü vasitəsilə birləşdirilmiş yeni qoşa platformadan ibarətdir.
“Şahdəniz-2” layihəsi çərçivəsində ildə ən yüksək sabit səviyyədə 16 milyard kubmetr qaz hasil olunması planlaşdırılıb. Yatağın işlənməsinin birinci mərhələsindən əldə olunan hasilat həcmi ilə birlikdə Şahdəniz yatağından ümumi hasilat ildə 26 milyard kubmetr qaz və gündə 100 min bareldən çox kondensat təşkil etməsi gözlənilir.
Səhmdarların payının müəyyən edilməsi investisiya fəaliyyətinin təşkilinin mühüm hissəsidir. Şahdəniz yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş 4 iyun 1996-cı il tarixində imzalanmışdır. İmzalama mərasimi Bakıda SOCAR və xarici şirkətlərin konsorsiumu arasında həyata keçirilmiş və sənəd Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minmişdir.
İlkin olaraq 30 il müddətinə imzalanmış pay bölgüsünə dair bu sənəd 2013-cü ilin dekabrında yenidən imzalanaraq 2048-ci ilə qədər uzadılıb.
Şahdəniz yatağının operatoru olan BP 29.99%-lə ən çox paya malik olan səhmdardır. Ondan sonrakı yerləri isə SGC 21.02%, LUKOYL 19.99%, TPAO 19.0% və NIKO 10.0%-lə tutur.
“Şahdəniz-3” və ...
“Şahdəniz-2” layihəsi üçün platformaların və sualtı infrastrukturun inşası sayəsində Azərbaycanın əsas tikinti müəssisələri təkmilləşdirilmiş, o cümlədən Bayıl zavodunun platforma tikinti imkanları genişləndirilmiş və BOS Shelf müəssisəsinin yeni sualtı konstruksiyalar inşa etmək imkanları inkişaf etdirilmişdir.
BP şirkətinin məlumatlarına əsasən Şahdəniz layihəsi çərçivəsində kapital xərcləri 2021-ci ilin 1-ci rübünün sonuna 27 milyard dollar təşkil etmişdir.
Bütün bu işlərin nəticəsi olaraq, başlanğıcdan 17 il sonra Şahdəniz yatağından 200 milyardıncı kubmetr qaz hasil edilmişdi. Daha dəqiq qeyd etsək, ilk kommersiya qazının çıxarıldığı və “Cənubi Qafqaz” boru kəmərinin istismara verildiyi elan ediləndən 16 il 6 ay sonra – 2023-cü il 26 avqust tarixində bu hadisə baş verdi. Bu ümumi potensial baxımından nəhəng yataq üçün başlanğıca yaxın dövr hesab edilə bilər.
Şahdəniz yatağının işlənilməsinin üçüncü mərhələsinə dair gözləntilər, bu yatağın daha böyük perspektivlərindən xəbər verir. Çünki yatağın dərin qatlarında təbii qaz bir neçə il əvvəl qiymətləndirmə-qazma işləri zamanı aşkar edilsə də, su və layların böyük dərinliyi və qazmanın çətin geoloji şəraiti səbəbindən BP şirkəti tam məhsuldar üfüqlər açmadı. Odur ki, bu resursların işlənilməsi layihənin inkişafının üçüncü mərhələsi ola bilər.
Şahdəniz yatağı ilə Xəzər dənizində ilklərə imza atan bir şirkətin bu fürsətləri dəyərləndirməməsi mümkün deyil. Ona görə də BP-nin yaxın və ya orta dövr ərzində qazma nöqtəsi müəyyən edərək, quyu layihəsi hazırlayacağı və onun texniki parametrlərini müəyyən edəcəyi gözlənilir. Yalnız bundan sonra “Şahdəniz” yatağının işlənilməsinin üçüncü mərhələsinin bir hissəsi kimi qiymətləndirmə quyusu qazılacaqdır.
Beləliklə, Şahdəniz yatağının işlənilməsi mərhələləri davam etdikcə, CQD-nin təchizat sistemi dayanıqlığını artıracaqdır. Eyni zamanda, Azərbaycanda neft gəlirlərinin azalmağa başladığı bir dönəmdə makroiqtisadi göstəricilərin azalmasının qarşısının alınmasında, büdcə gəlirlərinin formalaşmasında, hətta yerli valyutaya təzyiqin qarşılanmasında və digər çoxsaylı dolayı iqtisadi istiqamətlər üzrə bu yatağın rolu artacaqdır.
Eldəniz Əmirov, iqtisadçı
Chosen
20
news365.az

1Sources