EN

Tariximizdə əbədi qalacaq Zəfər

“Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sənədə əsasən hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir. 27 sentyabr şanlı Zəfərimizlə yekunlaşan Vətən müharibəsinin başladığı günü simvolizə edir. 2020-ci il sentyabrın 27-də səhər saat 06:00-da başlayan müharibə uzun çəkmədi – cəmi 44 gün davam etdi. Ancaq bu qısa müharibədə qazanılan Qələbə öz miqyasına və mahiyyətinə görə çox böyük idi. Müharibədə Azərbaycan yalnız işğalçı Ermənistana deyil, həm də onun arxasında dayanan böyük güclərə qalib gəldi”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev ifadə edib.

Milli Məclisin üzvü bildirib ki, Azərbaycan hər zaman sülh mövqeyindən çıxış edib. Ölkəmizin işğala məruz qalan tərəf olmasına baxmayaraq, təxminən otuz il ərzində Minsk qrupunun xətti ilə aparılan danışıqlarda fəal şəkildə iştirak etməsi və bir qayda olaraq konstruktiv mövqe ortaya qoyması bunun əyani təsdiqidir. Ancaq işğalçı Ermənistanın davranışları müharibəni qaçılmaz edirdi. Bunun da əsas səbəbi Ermənistanın üç onillik ərzində danışıqlar prosesində formal olaraq iştirak etməsi və işğalçılıq siyasətindən geri çəkilmək istəməməsi idi. Ermənistanın işğal illərində törətdiyi müharibə cinayətləri hər kəsə bəllidir. “Adekvat şəkildə cəzalandırılmaması işğalçı ölkəni, necə deyərlər, daim yeni təxribatlara və yeni müharibə cinayətlərinə ruhlandırırdı. 27 sentyabr 2020-ci il ərəfəsində belə təxribatların miqyası daha da genişlənmişdi. Beynəlxalq hüquq normalarına arxa çevirən işğalçı dövlətin rəhbərliyi vaxtilə zor gücünə zəbt edilən bütün torpaqları qondarma “DQR”ə aid etməyə çalışır, bir qarış torpağın belə Azərbaycana qaytarılmayacağını bəyan edirdi. Bunlar azmış kimi, Ermənistan Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələməyə başlamışdı. 2020-ci ilin iyul ayında heç bir səbəb olmadan iki ölkə arasındakı dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimiz, dinc sakinlər və mülki infrastruktur erməni hərbi birləşmələri tərəfindən qəfil artilleriya atəşinə tutuldu. Həmçinin həmin ərəfədə başqa belə təxribatlara da şahidlik etdik.

Samir Vəliyev 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə daha genişmiqyaslı təxribat törətdiklərini xatırladıb. Deputat bildirib ki, həmin tarixdə Ermənistanın silahlı birləşmələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həyatını itirən və yaralananlar olub. Eləcə də mülki infrastruktur obyektlərinə, evlərə ciddi ziyan dəyib. “Azərbaycanın seçim imkanı qalmamışdı. Beləliklə, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib”, - deyə millət vəkili vurğulayıb.

Millət vəkili bildirib ki, Prezident, Ali Baş Komandan tərəfindən müharibənin başlaması üçün ən uyğun vaxt seçilib. Bunadək keçilən yolu xatırladan Samir Vəliyev deyib ki, 30 il ərzində Azərbaycan işğal faktı ilə heç vaxt barışmayıb, dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi sayəsində ərazilərimizin və suverenliyimizin təmin olunması məsələsi

ölkənin gündəliyinin mərkəzində saxlanılıb. Bu illər ərzində iqtisadiyyatımız gücləndirilib və bu əsasda yüksək döyüş qabiliyyətinə malik müasir ordu formalaşdırılıb. Eyni zamanda, cəmiyyətimiz səfərbər olunmuşdu. Azərbaycan xalqı vətənpərvər, qəlbən torpağına bağlı olan xalqdır. “Müharibənin ilk günündən Azərbaycan xalqı Prezidentə, Ordumuza güclü dəstək nümayiş etdirdi. Sentyabrın 27-də xarici ölkələrdə yaşayan azərbaycanlılar bəyanat yayıblar. Qeyri-hökumət təşkilatlarınin qəbul etdikləri müraciətdə vətəndaş cəmiyyəti təsisatlarının təmsilçiləri Ali Baş Komandanımızın və Ordumuzun yanında olduqlarını bildiriblər. Eyni zamanda, 500-dən çox QHT beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Həmin gün Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıblar”, - deyə millət vəkili bildirib.

Chosen
4
5
publika.az

7Sources