EN

Premyer Liqamıza gələn Ronaldo: “Bu, məni maraqlandırmır”

“İmişli” – “Sumqayıt” qarşılaşmasında kuryoz hadisə yaşandı.

Meydan sahibləri vurulan yeganə qol hesabına meydanı qalib tərk etsə də, protokolda yol verilən nöqsana görə 3 xal sumqayıtlıların aktivinə yazılacaq.

Matç başa çatandan sonra söhbətdən duyuq düşən “İmişli”nin məşqçi və futbolçu heyətinin məyusluğu anlaşılan idi. Xüsusən 90 dəqiqə meydanda can qoyan futbolçular olduqca narahat və çarəsiz görünürdü.

Bölgə təmsilçisinin əsas hücumçusu Dioqo Almeyda bu haqda Sportinfo.az-ın suallarını cavablandırıb.

- Qələbə münasibəti ilə təbrik etmək olar, yoxsa?

- Çox yaxşı mübarizə apardığımızı düşünürəm. Təşkilatlanmış şəkildə oynayaraq ağıllı müdafiə olunduq, əks-hücumlarda təhlükə yaratmağa çalışdıq və rəqibi təzyiq altında saxlamaqla lazım olan qolu vurduq. Nəticədən və oyundan çox razıyam.

- Matç başa çatandan sonra paltardəyişmə otağında ab-hava necəydi?

- Oyunu qalib başa vurmuşuqsa, təbii ki, qələbə ab-havası olacaq. Premyer Liqanın debütantı olmağımıza baxmayaraq, 4 oyunun 2-də qələbə qazanıb, 1-ni heç-heçə başa vurmuşuq. Yalnız bir dəfə uduzmuşuq, onda da son saniyə qolu ilə. Nəticələri yaxşılaşdırmaq üçün çox çalışırıq.

- Qubada məskunlaşmaq üçün sizə yaradılan şərait və meydanın durumu barədə nə deyə bilərsən?

- Qazonun durumu göz qabağında idi. Belə meydanda oynamaq həqiqətən çox çətindir. Bu, həm bizə, həm də rəqibə problem yaradırdı. Oyun ərzində fikrim otun vəziyyətində yox, oyunun udmaqda idi. Yekunda buna nail olduq.

- Məlum hadisədən xəbərin var yəqin.

- Hansı hadisə?

- Protokolda yol verilən yanlışlıq səbəbindən “İmişli”nin texniki məğlubiyyət alacağından.

- Biz bu gün qalib gəlmişik deyə, ancaq qələbə ilə bağlı danışmaq istəyirəm. Dediyiniz məsələ məni maraqlandırmır. Səhvlə bağlı suallarınızı klub prezidentinə və ya rəsmilərə ünvanlaya bilərsiniz.

HƏBİB

Chosen
15
sportinfo.az

1Sources