Bakıda ağaclar nömrələnərək uçota alınır.
NOCOMMENT.az xəbər verir ki, nömrələnmiş ağacların üzərində xüsusi barkod və nömrəsi qeyd olunub.
Həmin barkod mobil telefonla skan edilən zaman ağac haqqında məlumatları əldə etmək olur. Açılan pəncərədə ağacın yerləşdiyi ünvan və ağacın adı dəqiq göstərilir. Eyni zamanda ağacın hündürlüyü və gövdəsinin diametri göstərilir.
Vətəndaşlar özləri də ağac barəsində məlumatları proqram vasitəsilə qeyd edə bilərlər.
Şəhər yaşıllıqlarının inventarlaşdırılması layihəsi IDEA İctimai Birliyinin təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi şəhər ərazisindəki yaşıllıq sahələrinin mühafizəsini gücləndirmək, ağacların mövcud vəziyyətini izləmək və onların davamlı qorunmasını təmin etməkdir. Bu təşəbbüs, eyni zamanda, ekoloji maarifləndirməni artıraraq cəmiyyətin təbiətə qarşı daha məsuliyyətli və diqqətli münasibətinin formalaşmasını təşviq edir.\\Yenisabah.az