EN

27 Sentyabr Azərbaycan xalqının milli iradəsinin, qəhrəman Ordumuzun şücaətinin təntənəsidir RƏY

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 26 sentyabr, AZƏRTAC

2020-ci il sentyabr ayının 27-si bütün Azərbaycan xalqı üçün uzun illər həsrətində olduğu, qürur dolu bir günlə başladı. Bu Azərbaycanın dövlətçilik tarixində yaşadığı və bütün dünyaya nümayiş etdirdiyi müzəffər Azərbaycan Ordusunun gücünü, rəşadətini bir daha sübut etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O xatırladıb ki, məhz həmin gün atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Beynəlxalq hüququn norma və prinsipləri əsasında, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış məlum dörd qətnaməsini rəhbər tutaraq düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq, eləcə də 30 ildən artıq bir müddətdə ərazilərimizin işğal altında saxlanılmasına son qoyulması məqsədilə Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyev dərhal Azərbaycan Ordusuna bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.

“Beləliklə, 30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz sentyabrın 27-də “Dəmir yumruq” əks-hücum əməliyyatları ilə başlayaraq 44 günlük İkinci Qarabağ - Vətən müharibəsinə çevrildi, Qarabağın incisi Şuşanın işğaldan azad olunması ilə bitdi. Uğurlu döyüş əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi, müzəffər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi.

Həmin il noyabrın 10-da Ermənistanın Rusiya Federasiyasına rəsmi müraciət etməsindən sonra Rusiyanın bilavasitə iştirakı və hər üç dövlət başçılarının razılaşması ilə müharibə dayandırıldı, Azərbaycan-Ermənistan arasında özündə 9 bəndi əks etdirən bəyannamə qəbul olundu, beləliklə Ermənistan kapitulyasiya aktına imza atdı. Ermənistanın Baş naziri Nikol Paşinyanın qeyd etdiyi kimi, Ermənistanın şanlı Ordumuz qarşısında məğlubiyyəti qəbul etməkdən başqa çıxış yolu yox idi. Buna görə də işğalçı tərəf məğlub olduğunu etiraf etdi və münaqişə rəsmi olaraq dayandırıldı.

Hərbi müstəvidə əldə edilən Qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Cəmi 44 gün davam edən müharibə, qəhrəman zabit və əsgərlərimizin şücaəti qədribilən xalqımızın yüzillik arzularını gerçəyə çevirdi, işğal altında olan torpaqlarımız azad edildi, tarixi ədalət bərpa olundu”, - deyə M.Əfəndiyev vurğulayıb.

O qeyd edib ki, bu savaşın ilk günündən yüzlərlə vətənpərvər Azərbaycan gənci böyük həvəslə, coşqu və vətənpərvərliklə könüllü olaraq cəbhəyə yollandı, düşmənlə qəhrəmancasına vuruşdu. Sözsüz ki, müharibənin öz qanunları var. Əgər müharibə varsa – şəhid də var, qazi də, itki də. Təəssüflər olsun ki, bu müharibə də qurbansız ötüşmədi. Azərbaycanın 2908 hərbçisi torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, 6 nəfər itkin düşdü, minlərlə igid qazi adını qazandı.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Biz onların qanını aldıq! Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.”

Təsadüfi deyil ki, milli iradə, milli ruh, milli ləyaqət təntənəsinə çevrilən 27 sentyabr tarixi Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən hər il İkinci Qarabağ - Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

“Ümumiyyətlə, Azərbaycan dövləti Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır.

Şəhidlərimizin, qəhrəman övladlarımızın adlarının əbədiləşdirilməsi məqsədilə yaradılan Zəfər Parkı, 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan inşa edilmiş Zəfər tağı, hazırda tikintisi davam edən Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi xalqımızın qəhrəmanlıq dastanını hər zaman yaşadacaq.

Beləliklə, 27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq. Bu gün biz bir daha sübut edirik ki, şəhidlərimizin qanı yerdə qalmadı, onların arzuları gerçəkləşdi. Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizin qəhrəmanlığını yüksək qiymətləndiririk. İşğaldan azad olunmuş suveren torpaqlarımızda yeni həyat qurmaqla həm onların xatirəsini yaşadır, həm də gələcək nəsillər üçün bu şanlı tarixi miras qoyuruq”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
3
azertag.az

4Sources