2023-cü ildə dərman, sarğı ləvazimatları, peyvəndlər və bitki mühafizəsi vasitələrinin satınalma prosedurları çərçivəsində ehtimal olunan qiymətlərinin yüksək intervallarda hesablanaraq alış müqavilələrinin baha qiymətlərlə rəsmiləşdirilib,bəzi hallarda alışların illik tələbatdan artıq həyata keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci il üzrə İş Planına müvafiq olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində və tabeli qurumlarda dövlət vəsaitlərindən və digər dövlət əmlakından istifadə olunmasına dair uyğunluq auditi hesabatında qeyd edilir.
Bildirilir ki, ehtimal olunan qiymətlərin hesablanması üçün səmərəli (regional coğrafiyadakı istehsalçılar üzərindən) bazar araşdırmaları aparılmadan Kosta-Rika mənşəyinə üstünlük verilərək ticarətçi qeyri-rezident şirkətlə bir dəstinin qiyməti 32,13 manata sənədləşdirilib. Ümumilikdə ödənilmiş dəyəri 1669,1 min manata bərabər 51949 dəst feromon (P588) tələlərinin qeyri-optimal qiymətlərlə satınalınmasına yol verilib.İki il ərzində istifadə olunmasına baxmayaraq həmin feromon tələlərinin dövlət sınağından keçməsi və dövlət qeydiyyatına alınması təmin edilməyib. Ümumilikdə 1 mln. manata yaxın büdcə vəsaiti 2023-cü ildə səmərəsiz xərclənib.