EN

Hərbi Prokurorluğun sirlər kitabı - Əfraim Təhməzovla yubiley söhbəti

Müsahibimiz uzun illər Azərbaycan Hərbi Prokurorluğunun Mətbuat xidmətinə rəhbərlik etmiş Əfrahim Təhməzovdur.

Ehtiyatda olan ədliyyə polkovniki 1960-cı ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub. 1979-1981-ci illərdə Əfqanıstanda keçirilən bir çox hərbi əməliyyatların iştirakçısı olub, dəfələrlə ölümlə üz-üzə gələrək döyüş əməliyyatları zamanı müxtəlif bədən xəsarətləri alıb. 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Əfrahim Təhməzov fəaliyyəti dövründə 3 baş prokuror - İxtiyar Şirinov, Əli Ömərov, Eldar Həsənov və 4 hərbi prokuror - Ramiz Rzayev, Siyasət Alıyev, İlham Məmmədov, Xanlar Vəliyevlə işləyib. Həyatının ən mühüm səhifələri Azərbaycanının keşməkeşli günlərinə təsadüf edib.

WhatsApp

– Əfrahim müəllim, artıq təqaüddəsiniz, amma həyatınızın böyük hissəsi Hərbi Prokurorluqla bağlıdır. Həm də respublikada ən məlumatlı şəxslərdən birisiniz. Bu yolu seçdiyiniz günləri necə xatırlayırsınız?

– Uzun söhbətdir (gülür). Orta məktəbdə oxuduğum günlərdə jurnalist olmaq arzusunda idim. Bu arzu məni 1983-cü ildə indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə gətirdi. 1988-ci ildə təhsilimi başa vurdum. İlk iş yerim o zaman Dövlət Plan Komitəsi oldu. Sonradan Nazirlər Kabinetinin “İqtisadiyyat və Həyat” jurnalında çalışmağa başladım. Orada şöbə müdiri, baş redaktor vəzifələrini tutmuşam. 1992-ci ildə yenidən Bakı Dövlət Universitetinə sənədlərimi verdim. Bu dəfə hüquq təhsili aldım. Elə həmin il Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat aldım. 1995-ci ilə kimi orada çalışdım. Rəhbərliklə aramızda yaranan fikir ayrılıqlarına görə bir müddət işə çıxmadım.

- O zaman Eldar Həsənov baş prokuror idi?

- Hə, aramızda fikir ayrılıqları yaranmışdı, təklifləri rədd etmişdim. Buna görə Baş Prokurorluğun Mətbuat xidməti islahatlar adı ilə Hüquqi Təminat İdarəsinə verildi. Mənim əmrimi isə Hərbi Prokurorluğa köməkçi verdilər.

- O zaman təklifi qəbul etsəydiz, səsiniz daha ucalardan gələrdi?

- Qəbul etməzdim! Mənim əqidəm, öz məsləkim vardı. Orada çox təkliflər oldu, sona qədər təmiz adımı qorudum, vətənə xidməti üstün tutdum.

- Beləcə Hərbi Prokurorluqda işə başladız?

- Əmrimi Hərbi Prokurorluğa verəndən sonra uzun müddət işə çıxmadım. Ümumiyyətlə, prokurorluqdan getmək istəyirdim. Çünki hesab edirdim ki, mənə qarşı haqsızlıq, qanunsuzluq olub. Sonradan bu gün ölkədə nüfuzlu məmurlardan olan, o zaman Baş Prokurorluqda vəzifədə olan xətrini istədiyim tanışım dedi ki, “buradan, yəni prokurorluqdan xeyli getməli adamlar var, sən niyə getməlisən, elə sən qalıb işləməlisən”. Məsləhət etdi ki, Hərbi Prokurorluqda işə çıxım. Belə də oldu. İndi o günləri böyük qürurla xatırlayıram. 1995-ci ildən 2017-ci ilə kimi Hərbi Prokurorluqda işlədim.

- Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri olduğunuz illər işğal, əsgər ölümləri xəbərlərinin ardı-arası kəsilmədiyi dövrə təsadüf edib. O dövrlərdə jurnalistlərlə işləmək çətin deyildi ki?

- Həmin dövrdə mətbuatla işləmək çox ağır və çətin idi. O baxımdan ki, mətbuatda indikindən daha kəskin və sərt yanaşmalar vardı. Hər gün çox gərgin iş rejimində çalışırdıq. Mətbuat xidməti rəhbərinin işi əsəb üzərində qurulub. Doğru-dürüst məlumatın verilməsi müəyyən ilkin araşdırma tələb edir. Jurnalistlər isə bəhsə-bəhs zəng edib tez bir zamanda bu və ya digər hadisə ilə bağlı dəqiq məlumat almağa çalışırdılar. Çətin idi, hər kəslə səbrlə davranıb doğru məlumatı ötürmək də vacib idi. Elə etmək lazımdır ki, cəmiyyəti yanlış nəticələrə yönləndirən qeyri-dəqiq, hətta dezinformasiya xarakterli informasiyalar zamanında önlənsin. Üstəlik, rəhbərliyin tapşırıqlarının icrası da vardı. Yəni çox gərgin iş rejimində çalışırdım. Bəzən bir yanlış informasiya təkcə bir insanın yox, bütöv bir ailənin, müvafiq olaraq dövlətin taleyinə təsir edə bilər. Ən böyük problem məlumatı vaxtında və düzgün verməkdir. Hər şeyi açıqlamaq olmurdu, amma gizlətmək də olmazdı. Zərif bir xətt vardı, çalışırdım ki, o xətti keçməyim.

- O dövrdə gizlətmək lazım gələn məqamlar olurdu? Yoxsa hər şeyi açıq demək mümkün idi?

– Döyüş, intizam, qətl, məhkəmə işləri... Təbii ki, hər şeyi açıq danışmaq olmurdu. Hər dəfə düşünürdüm ki, bunu açıqlasaq, dövlətə, orduya zərər gələrmi? Əgər gələrdisə, susmaq məcburiyyətində idik. Jurnalistlərə də bunu bizim açıq deməyimiz alınmırdı. Digər suallar çıxır, vəziyyət daha da qəlizləşirdi.

İndi isə şükür Allaha ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında igid vətən oğullarımızın sayəsində torpaqlarımız işğaldan azad olunub, daha əsgər ölümləri xəbərləri gəlmir, ordumuzda nizam-intizam məsələlərinə xüsusi həssaslıqla yanaşılır. İndi o illərdə cəbhə bölgəsində yaşananlardan qaynaqlanan gərginliklərdən əsər-əlamət yoxdur. Yeni hərbi prokuror Bəhruz Əhmədov yeni yanaşmalar ortaya qoyur, işin səmərəliliyinə yönəlik addımlar atılır. Bu da strukturun səmərəliliyinə, həm də hərbi hissələrdə nizam-intizamın gücləndirilməsinə hesablanıb. Başlıca məqsəd şəffaflığın artırılması, hərbi cinayətlərin istintaqında operativliyin təmin edilməsi, zərərçəkənlərin hüquqlarının müdafiəsinin gücləndirilməsi və preventiv tədbirlərin genişləndirilməsidir.

Hesab edirəm ki, bu yanaşmalar daha çevik idarəetməyə və cəmiyyətin gözləntilərinə uyğun nəticələrin əldə olunmasına səbəb olacaq.

- Hərbi prokuror Xanlar Vəliyevlə işləmək necə, çətin deyildi ki?

– Xanlar müəllim tələbkar rəhbər idi, işinə yanaşması da professional idi. Elə məsələlər olurdu ki, fikirlərimi dinləyir, mənimlə razılaşırdı. Məsələn, cəbhə bölgəsində əsgərimizin intiharı haqda məlumatlar ictimailəşdirilirdi. Mən isə qəti şəkildə bunun əleyhinə idim. Çünki əsgərin valideyninin xəbəri mətbuatdan oxuyacağını, radiodan, televiziyadan eşidəcəyini nəzərə alırdım. Düşünürdüm ki, həmin anda valideyn yolda-izdə ola bilər və yanında onu sakitləşdirəcək biri olmaz, o çətin durumda bir atanın, bir ananın halı nə olacaq?

Digər tərəfdən, bu və ya digər hadisənin intihar olmasını birmənalı şəkildə söyləmək üçün ən azı məhkəmə-tibb ekspertizasının rəyi olmalıdır. Belə bir rəy olmadan, sırf ehtimala əsaslanıb rəsmi məlumatın verilməsini yolverilməz hesab edirdim. Hadisələrin intihar kimi deyil, ölüm faktı kimi təqdim olunmasının daha doğru olması fikrində idim.

- 44 günlük müharibə zamanı Hərbi Prokurorluq hansı sınaqlardan keçdi?

- O zaman mən artıq təqaüddə idim. Ən böyük sınaq şəhid ailələrinin, qazilərimizin hüquqlarını qorumaqdır.

- Döyüşçüsünüz, Əfqanıstan müharibəsinin od-alovunun içindən keçmisiniz, 1-ci Qarabağ müharibəsində könüllü iştirak etmisiniz. 2-ci Qarabağ müharibənin ən çox yadınızda qalan anı nədir?

- Müharibə düz ad günümdə başladı və Qələbəmizlə nəticələndi. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə möhkəm can sağlığı arzulayıram. Mən də müharibəyə qatılmaq üçün müraciət etmişdim. Sağ olsun cavanlar, bizləri sevindirdilər, torpaqlarımızı düşmən işğalından azad etdilər. Şuşa xəbəri gələndə sevincimin həddi-hüdudu yox idi, fəxarət hissi keçirdim. Bu günümüzə şükür.

- Təqaüddəsiniz, evdə paltar seçərkən də “polkovnik instinkti” işləyir?

- Bəli (gülür). Həmişə ütülü, səliqəli geyinməyə çalışıram. Hərbçi vərdişi ömürlük qalır. Hərçənd ki, xidmət rəhbəri olduğum dövrdə mənə mülki geyim daşımaq icazəsi verilmişdi.

- Sizcə, ciddi işləri yumorla qarışdırmaq olar?

- Bəli, gərəkdir də. Əks halda yaşamaq çətin olar. Bəzən ən gərgin məqamda bir zarafat hər kəsin üzündə təbəssüm yaradır, çətinliyi asan edir. İnsanı yaşadan xoş ovqatdır.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Chosen
22
2
musavat.com

4Sources