EN

Moskvanın xəritə təxribatı: Rusiyaya “qoşulan” Finlandiya, Qara dənizə “çıxarılan” Ermənistan

Rusiya Müdafiə Nazirliyi ilin əvvəlindən “azad edilən” (yəni işğal edilən) Ukrayna ərazilərini göstərən xəritə yayıb.

Musavat.com-un xəbərinə görə, hərbi analitik Yan Matveyevin diqqətə çatdırdığı kimi, xəritədə Rusiya ordusunun irəliləyişləri təqribən 50% şişirdilib.

Bu, rus funksionerlərinin xəritələrlə manipulyasiyalarının ilk nümunəsi deyil.

Daha bir “dəli coğrafiyası” nümunəsi MDB-nin rəsmi saytında aşkarlanıb. İyul ayında portalda Avrasiya İnkişaf Bankının iqtisadi proqnozuna dair məqalə dərc edilib. Yazı “Ritm Evrazii” saytından götürülüb, lakin ona əlavə olunan EİİB ölkələrinin xəritəsində qəribəliklər görünüb: belə ki, Rusiyaya Finlandiya “birləşdirilmiş”, Ermənistan isə Qara dənizə “çıxış əldə edib”. Əvəzində isə Krım və Ukraynanın digər ilhaq olunmuş bölgələri hələ də Kiyevə məxsus kimi göstərilbmiş.

Məlum olub ki, xəritə əslində ABŞ-da yaşayan rəssam Aleksandra Krasutskaya tərəfindən 2018-ci ildə “Coda Network” (postsovet məkanının müstəqil media şəbəkəsi) üçün çəkilib. Krasutskaya bildirib ki, müəlliflik hüquqları “Coda”ya məxsusdur və həmin illüstrasiyanın MDB portalında necə göründüyündən xəbərsizdir. Onun sözlərinə görə, bu illüstrasiya müxtəlif media qurumları tərəfindən dəfələrlə istifadə olunub.

MDB portalı Dövlət Başçıları Şurasının qərarı ilə yaradılıb, artıq 20 ildir qurumun baş katibi postunu keçmiş Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Sergey Lebedev tutur. Sayt gündə təxminən 10 material dərc edir və mütəmadi yenilənir.

MDB-yə üzv dövlətlərdən heç biri rəsmi olaraq Rusiyanın Ukrayna ərazilərini ilhaqını tanımır. Amma Rusiyada vətəndaşlar Krımın Ukraynaya məxsus olduğunu açıq bəyan etdiklərinə görə mütəmadi cərimələnirlər. Hətta Dövlət Dumasında belə xəritələri göstərənlərə qarşı cərimə və həbs tədbirləri nəzərdə tutan dəyişikliklər 2022-ci ildə birinci oxunuşda qəbul edilib, lakin indiyədək dondurulmuş qalır.

Xatırladaq ki, 2024-cü ilin martında Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev də “Rusiya sərhədlərinin gələcəyi”nə dair xəritə nümayiş etdirmişdi. O, həmin xəritədə Ukraynanın cənub və mərkəzi bölgələrini Rusiyaya aid göstərib.

Musavat.com

Chosen
28
2
musavat.com

3Sources