EN

Xəzər dənizi sürətlə azalır - Prezidentdən dünyaya XƏBƏRDARLIQ

Son illərdə Xəzər dənizinin su səviyyəsinin davamlı enməsi həm iqtisadi, həm də ekoloji baxımdan region üçün ciddi çağırışa çevrilib.

Dayazlaşma limanların fəaliyyətinə təsir göstərir, neft və digər yüklərin daşınmasını çətinləşdirir, həmçinin dəniz ekosistemində tarazlığı pozur.

Sahil xəttinin geri çəkilməsi isə sahilyanı ərazilərdə yaşayan əhalinin gündəlik həyatına birbaşa təsir edir.

Rəsmi göstəricilərə görə, son 30 ildə dənizin səviyyəsi 2,5 metr azalıb. Təkcə son 5 ildə 93 santimetr enmə qeydə alınıb və illik azalmanın sürəti hazırda 20–30 santimetr təşkil edir. Bu dinamika limanlarda çətinliklərə gətirib çıxarıb. 

Məhz belə bir həssas məqamda Prezident İlham Əliyev sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında Xəzərin ekoloji vəziyyətini beynəlxalq gündəliyə gətirib.

Dövlətimizin başçısı vəziyyətin acınacaqlı olduğunu bildirib.

"2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırdım. Bu gün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan, həmçinin həmin problemin həlli üçün BMT ilə də sıx əməkdaşlığa hazırdır", - dövlət baçısı qeyd edib.

Modern.az-a danışan deputatlar Prezident İlham Əliyevin çıxışını şərh edərək bildiriblər ki, Xəzərdəki ekoloji böhran təkcə Azərbaycanın deyil, bütün regionun problemi kimi dəyərləndirilməlidir.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Vüqar Rəhimzadə deyib ki, Xəzərin qorunması yalnız beş sahilyanı ölkənin birgə mövqeyi ilə mümkündür:

“Xəzər dənizi region iqtisadiyyatı üçün strateji nəqliyyat dəhlizidir. Heç bir ölkə təkbaşına bu dənizi xilas edə bilməz. Xəzəryanı dövlətlər çiyin-çiyinə çalışaraq bu problemi həll etməlidir. Prezidentin BMT-dəki çıxışı göstərdi ki, Azərbaycanın mövqeyi məsələni qlobal gündəmə çıxarmaqdır”, - deputat bildirib.

Onun sözlərinə görə, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması, eləcə də son illərdə keçirilən zirvə görüşlərində ekoloji məsələlərin qaldırılması Azərbaycanın bu istiqamətdə ardıcıl siyasət apardığını nümayiş etdirir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli isə qeyd edib ki, Prezidentin Xəzərin sürətlə azalması ilə bağlı xəbərdarlığı regional hüdudlardan kənara çıxır və qlobal əhəmiyyət daşıyır:

“Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi olmaqla yanaşı, yüzillərdir ki, region xalqlarının həyat mənbəyidir. Lakin son onilliklərdə müşahidə edilən proseslər, o cümlədən iqlim dəyişikliyi, çay axınlarının azalması, sənaye çirklənməsi və idarəetmə mexanizmlərindəki boşluqlar Xəzərin mövcud vəziyyətini daha da ağırlaşdırıb. Prezidentin "bu gün vəziyyət daha acınacaqlıdır" fikri real mənzərəni əks etdirir və beynəlxalq ictimaiyyət üçün ciddi siqnaldır”, - Elçin Mirzəbəyli deyib.

Deputat əlavə edib ki, Xəzərin gələcək taleyi yalnız region ölkələrinin deyil, beynəlxalq ictimaiyyətin də diqqətində olmalıdır. Onun sözlərinə görə, ekosistemin qorunması, balıqçılıq və nəqliyyat infrastrukturunun təhlükəsizliyi, eləcə də sahilyanı əhalinin sosial rifahı məsələsi bütün dünya üçün vacibdir.

“Azərbaycan bu məsələdə nümunəvi mövqe sərgiləyir. Bərpa olunan enerji layihələri, tullantıların idarə olunması, yaşıl zonaların yaradılması ölkəmizin ekoloji məsuliyyətini göstərir. Prezidentin BMT-dəki çıxışı isə həm xəbərdarlıq, həm də əməkdaşlığa çağırış kimi qiymətləndirilməlidir”, - deputat vurğulayıb.

Ekspertlərin fikrincə, Xəzərin azalması ilə bağlı məsələ BMT tribunasından səsləndirildiyi üçün növbəti mərhələdə bu istiqamətdə regional təşəbbüslərin güclənməsi, həmçinin beynəlxalq dəstəyin artırılması gözlənilir.

Chosen
22
50
modern.az

10Sources