İsraillə 12 günlük müharibədən sonra hərbi infrastrukturu ciddi zərər görən İran raket istehsal və yanacaq obyektlərini sürətlə bərpa edir. Sherg.az xəbər verir ki, son peyk görüntülərinə görə Tehranda və Şahrudda vurulmuş bərk yanacaqlı raket zavodlarında tikinti işləri gedir.
Ekspertlərə görə, Tehran itirdiyi avadanlıqları Çindən tədarük edərsə yenidən yüksək istehsal gücünə çata bilər. Müharibədən əvvəl İran ayda 200-ə qədər bərk yanacaqlı raket istehsal edirdi. Bu sistemlər İsraillə mümkün yeni toqquşmada İranın ən vacib vasitəsidir.
Vaşinqtondakı Hudson İnstitutundan Can Kasapoğlunun sözlərinə görə, Çin İranın raket proqramına mikroprosessor və güdüm sistemləri də verə bilər. Bu isə İranın hərbi gücünü yenidən artıraraq bölgədə gərginliyi yüksəldə bilər.
İran son aylarda su-enerji böhranına baxmayaraq donanma təlimləri keçirir və vurulmuş sahil obyektlərini bərpa etməyə çalışır. Rəsmi Pekin isə İranın suverenliyini və regional sabitliyi dəstəklədiyini bəyan edib.