BAKI, 26 sentyabr. TELEQRAF
Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla bağlı qapılar arxasında görüşən Ukrayna Prezidenti Volodimir Zelenski “Tomahawk” raketlərini istəyib.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.
Qəzet mənbələrə istinadla bildirib ki, görüş son dərəcə müsbət keçib.
Ukrayna prezidenti iddia edib ki, “Tomahawk” kimi yüksək texnologiyalı silah sistemləri Rusiya lideri Vladimir Putinə sülh sazişini müzakirə etmək üçün danışıqlar masasına oturmağa kömək edəcək. Görüşdən sonra jurnalistlərlə söhbəti zamanı Volodimir Zelenski bildirib ki, Donald Tramp Moskvanı Kiyevin zərbələrinin təsir dairəsinə salacaq uzaqmənzilli qanadlı raket istəyi ilə razılaşır.
Bununla belə, hazırda ABŞ-nin “Tomahawk” raketlərinin Ukraynaya tədarükünə razılıq verdiyinə dair heç bir təsdiq yoxdur.
Nəşr qeyd edib ki, 2400 km-dən çox uçuş məsafəsi və 450 kq çəkisi olan döyüş başlığı ilə bu qanadlı raketlər Qərb müttəfiqləri tərəfindən Ukraynaya verilən oxşar uzaqmənzilli silahlardan qat-qat effektlidir.