EN

Polad Həşimovun məzar daşında dəyişiklik edildi - FOTOLAR

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun məzar daşında yenidənqurma işləri aparılıb. 

News365.az-ın məlumatına görə, onun sinə daşına Xarı bülbül motivi əlavə edilib. Fotoşəkildə görünən daş və üzərindəki ad hissəsi qara mərmər üzərində işlənib.

Qəhrəmanın xatirəsi hörmətlə yad edilir və bu dəyişiklik onun irsinin əbədiləşdirilməsi məqsədi daşıyır. 

Qeyd edək ki, Polad İsrayıl Oğlu Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. O, 1982-ci ildə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olmuş və 1986-cı ilə qədər orada təhsil almışdır. 1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə (BABKM) qəbul olan Polad Həşimov 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirmişdir.

İyunun 12-dən 13-nə ötən gecədə Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edib. 3-cü Ordu Korpusunun Qərargah rəisi Polad Həşimovun da qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib. İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam edib. Cəza tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edilib.

İyulun 13-dən 14-nə ötən gecə və səhər saatlarında Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Gecə döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələrinin fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan Ordusuna məxsus müxtəlif təyinatlı hərbi nəqliyyat vasitəsi, döyüş vasitələri, müdafiənin dərinliyində yerləşən ehtiyatlar və canlı qüvvə məhv edilib.

Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib.


Chosen
10
news365.az

1Sources