EN

Nəzakət Əsgərova çətin və şərəfli yolda inamla addımlayır


Müasir dövrdə təhsil prosesində məktəb direktorlarının üzərinə mühüm vəzifələr düşür. Məktəb direktoru müvafiq nizamnaməyə əsasən məktəbin fəaliyyətini idarə edir, məktəbin inkişaf proqramını, perspektiv planlarını hazırlayır, müəssisənin və pedaqoji işçilərin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır.

Daxili qiymətləndirməni həyata keçirir və bunların əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, həyata keçirilməsinin optimal həlli yollarını tapır. Dövlət və ictimai orqanlarda müəssisənin marağını təmsil edir, pedaqoji kollektivin təlim-tərbiyə işinin səmərəliliyinə nail olmaq üçün fəaliyyət göstərir, təlim və tərbiyənin vəhdətini təmin edir, tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlər görür. Bütün mərhələlərdə təlim-tərbiyə prosesini təşkil edir, tədris planı və proqramların yerinə yetirilməsini, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı üçün zəruri tədbirləri həyata keçirir.

Bu funksiyaları vaxtında, ardıcıl, sistemli, davamlı və keyfiyyətlə həyata keçirmək üçün məktəb direktoru dərin elmi-nəzəri biliyə, geniş həyati və pedaqoji təcrübəyə, yüksək mənəvi keyfiyyətlərə malik olmalıdır. Bu keyfiyyətlərə malik direktorlardan biri Humanitar Liseyin direktoru, “Qabaqcıl təhsil işçisi” döş nişanlı, Əməkdar müəllim fəxri adı daşıyan Nəzakət Əsgərovadır.

Məlumat üçün bildirək ki, Humanitar Lisey illərdir ki, ölkəmizin təhsil sistemində özünəməxsus yeri və nüfuzu ilə seçilir. Direktor Nəzakət Əsgərovanın rəhbərliyi ilə məktəb yalnız bilik verməklə kifayətlənmir, həm də şagirdlərin dünyagörüşünü formalaşdırır, onların cəmiyyətə faydalı fərdlər kimi yetişməsinə şərait yaradır.

Adıçəkilən liseydən məzun olan şagirdlərin əksəriyyəti respublikanın və dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunaraq ölkəmizin adını uca tutur. Liseyin müəllim heyətidaim yenilikçi metodlardan istifadə edir, milli və bəşəri dəyərlərin qorunmasına xüsusi önəm verir.

Müsabiqələrdə, olimpiadalarda və müxtəlif intellektual yarışlarda əldə olunan nailiyyətlər, eləcə də məzunların elm, incəsənət, ictimai fəaliyyət sahələrində qazandıqları uğurlar liseyin yüksək səviyyəsinin bariz göstəricisidir.

Humanitar Lisey bu gün də ölkəmizin gələcəyini formalaşdıracaq savadlı, vətənpərvər və yaradıcı gənclərin yetişdiyi elm ocağı kimi tanınır.

Nəzakət müəllimə uzun illərin zəhmətini təhsilə həsr etmiş fədakar bir pedaqoq və bacarıqlı rəhbərdir. Onun səmimiyyəti, peşəkarlığı və tələbkarlığı Humanitar Liseyin uğurlarında böyük rol oynayır. O, hər bir şagirdi öz övladı kimi görür, onların istedadını üzə çıxarmaq, cəmiyyətə faydalı vətəndaş kimi yetişdirmək üçün bütün imkanlarını səfərbər edir. Nəzakət müəllimə həm işgüzarlığı, həm də insani keyfiyyətləri ilə kollektiv arasında dərin hörmət qazanıb. Onun rəhbərliyi altında lisey yalnız elm ocağı deyil, həm də qayğıkeş, mehriban bir ailəyə çevrilib.

N.Əsgərovanın ən böyük istəyi yüzlərlə şagirdin həyat yoluna işıq tutması, müəllimlik peşəsinə olan məhəbbəti və təhsilə gətirdiyi yeniliklərdir.

Onu da bildirək ki, N.Əsgərova 2 ilə yaxındır ki, Humanitar Liseylə bərabər paytaxtın 25 saylı orta məktəbinin də direktoru kimi fəaliyyət göstərir. Hər iki təhsil ocağındakı fəaliyyəti ilə müəllim və şagird kollektivinin rəğbətini qazanıb. O, çətin və şərəfli olan bu yolda əzmlə, inamla addımlayır.

Günel CƏLİLOVA

Chosen
27
baki-xeber.com

1Sources