EN

“Yarımçıq qalmış roman” adlı kitabının təqdimatı keçirilib

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun “Yarımçıq qalmış roman” adlı kitabının təqdimatı keçirilib. 

Bölmənin mətbuat xidmətindən verilən məlumata görə, yeni nəşrdə 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində tarix yazan, Vətən uğrunda qəhrəmancasına canını fəda edib Suqovuşan döyüşlərində şəhidlik zirvəsinə ucalan şəhid Leytenant Nicat Məmmədlidən bəhs olunub.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev müəllifi yeni nəşr münasibətilə təbrik edib. Akademik kitabın ideya-məzmun yükündən, müəllifin tədqiqatçı və publisist qələminin gücündən danışıb. O, əsərin təkcə bədii deyil, həm də tarixi və mənəvi dəyər daşıdığını, oxuculara şəhidlik zirvəsinə ucalan bir ömür yolunu təqdim etdiyini vurğulayıb. İsmayıl Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa etməsindən, şəhid Nicat Məmmədli kimi igidlərin adlarının bu zəfərin əsas sütunlarından biri kimi daim ehtiramla xatırlanacağından qürur hissi ilə söz açıb.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva çıxışında kitabın yalnız şəxsi taleyi deyil, bütöv bir xalqın ruhunu əks etdirdiyini, şəhidin uşaqlıq illərindən tutmuş məktəb həyatı, ailə tərbiyəsi, vətənpərvər düşüncələri və əsgərliyinin səmimiyyətlə qələmə alındığını vurğulayıb.

Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Qələbədə şəhidlərin misilsiz rolu olduğunu və 44 günlük Vətən müharibəsində Nicat Məmmədli kimi igidlərin Azərbaycanın tarixini yazdığını bildirib.

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent Səbuhi İbrahimov kitabı yüksək qiymətləndirərək bu əsərin sadəcə bir gəncin ömür yolunu əks etdirmədiyini, eyni zamanda Azərbaycanın yaxın tarixində yazılmış qəhrəmanlıq dastanının bir parçası olduğunu söyləyib.

AMEA Naxçıvan Bölməsi Nəşriyyatının redaktoru, şair Qafar Qərib şəhidlərin həyatının ədəbiyyatda əks olunmasının həm tarixi yaddaşın qorunması, həm də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından vacib olduğuna diqqət çəkib. 

Daha sonra müəllif-İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov şəhidin ailəsi ilə təsadüfi tanışlığı, kitabının əhəmiyyəti və ərsəyə gəlmə mərhələləri barədə danışıb, ürək sözlərini səsləndirib. Eyni zamanda tədbirin təşkilinə və yaradıcılığıına göstərilən diqqətə görə minnətdarlıq edib. 

Şəhidin valideynləri də çıxış ediblər. Nicatın xatirəsinin əbədiləşdirilməsi üçün bu kitabın yazılmasını xahiş etdiklərini bildirərək müəllifə və təşkilatçılara təşəkkürlərini çatdırıblar. Onlar Nicatın uşaqlıqdan mərd, qürurlu və vətənsevər bir övlad olduğunu, bu kitabla təkcə Nicatın yox, onun timsalında bütün şəhidlərin ruhunun  yad olunduğunu qeyd ediblər. 

Çıxışlar dinlənildikdən sonra İsmayıl Hacıyev “Şuşa zirvədən uca” və müəllifi olduğu “Culfa rayonunun tarixi” adlı kitabını şəhidin ailəsinə təqdim edib.

Sonda xatirə şəkli çəkilib.  

Səbuhi HƏSƏNOV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
1
xalqqazeti.az

2Sources