Ajans.az xəbər verir ki, bu haqda “Haqqın.az” məlumat yayıb. Məlumata görə, Sinqapurun bunker nəşri olan “Manifold Times” yazır ki, “Oilmar”ın sahibi ilə bağlı “hadisələr” (azərbaycanlı oliqarxın həbsi nəzərdə tutulur – red.) səhmlərin geri alınması prosesini işə salır. Qəzet bildirir ki, “Oilmar Shipping and Chartering” son benefisiar sahibinin adını açıqlamasa da, şirkət rəhbərliyin artıq bütün səhmləri almağa başladığını və satın alma prosesinin yaxın bir neçə gün ərzində başa çatdırılacağını bildirib. Sentyabrın 24-də sosial mediada dərc edilən şirkətin bəyanatında bildirilirdi ki, səhm alışı onun son benefisiar sahibi ilə bağlı hadisələr və mediada dərc olunan xəbərlərlə bağlıdır.

Nəşr şirkət rəhbərliyinin bütün səhmləri almağa başladığını və alış prosesinin yaxın bir neçə gün ərzində başa çatdırılmasının gözlənildiyini açıqlayıb. “Bu hallara cavab olaraq və səhmdarlarımızın mənafeyini qorumaq üçün şirkət rəhbərliyi artıq Oilmar Shipping and Chartering DMCC-nin bütün səhmlərinin alınması prosesinə başlayıb”, - deyə şirkətin baş direktoru Yusif Məmmədov bildirib. "Satınalma prosesi artıq yaxşı gedir və yaxın bir neçə gün ərzində tamamlanacağı gözlənilir. Bu strateji addım bizim əməliyyat davamlılığımızı təmin etmək və biznesimizi istintaq zamanı mümkün pozulmalardan qorumaq məqsədi daşıyır", - Məmmədov əlavə edib.

Qeyd olunur ki, Dubayda yerləşən “Oilmar Shipping and Chartering DMCC” dəniz yanacağı və neft məhsullarının satışı üzrə ixtisaslaşıb. Şirkət 2015-ci ilin noyabrında yaradılıb və dünyanın 60-dan çox ölkəsində xidmət göstərir. 2022-ci ildə “Oilmar” komandası ilk dəfə olaraq 1 milyard ABŞ dollarını keçən ümumi gəlir əldə edib.